Berlin, 7 sentyabr 2026 (foto: EPA)
İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası sentyabrın 6-da keçirilmiş Saksoniya-Anhalt əyalət seçkisində öz tarixinin ən yüksək nəticəsini göstərərək birinci yeri tutandan sonra Almaniyanın müxtəlif şəhərlərində minlərlə insan küçələrə çıxıb.
“Guardian” nəşrinin yazdığına görə, onlar AfD-nin sentyabrın 20-də Berlin və Meklenburq-Ön Pomeraniyada keçiriləcək seçkilərdə də yüksək nəticə göstərə biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Sentyabrın 7-də Berlinin rəmzlərindən biri olan Brandenburq qapısı qarşısında demokratiyaya dəstək aksiyası keçirilib. Polis iştirakçıların sayının təxminən 5 min, təşkilatçılar isə 14 mindən çox olduğunu bildiriblər. “Campact” təşkilatının və “Fridays for Future” hərəkatının çağırışı ilə keçirilən aksiya insidentsiz başa çatıb (“RBB/Tagesschau”).
“Guardian” yazır ki, immiqrasiya əleyhdarı və Rusiyayönlü mövqeyi ilə seçilən AfD Almaniyada sığınacaq axtaranların kütləvi deportasiyasını, eləcə də bərpa olunan enerjiyə və ictimai yayım sisteminə dövlət dəstəyinin azaldılmasını istəyir.
Nümayişçilərin plakatlarında “Faşizm alternativ deyil”, “Nasist AfD-ni dayandırın: irqçiliyə və sosial xidmətlərin ixtisarına son qoyun” və “Tarix bizi izləyir” kimi şüarlar yazılıb. Aksiya iştirakçıları cəmiyyəti AfD-nin qələbəsinə görə ümidsizliyə, siyasi laqeydliyə və sinizmə qapılmamağa çağırıblar.
Rekord nəticə və yüksək seçici fəallığı
Keçmiş Şərqi Almaniya ərazisində yerləşən Saksoniya-Anhaltda bütün 2 661 seçki məntəqəsi üzrə açıqlanan ilkin rəsmi nəticəyə görə, AfD səslərin 43,8 faizini toplayıb. Partiyanın 2021-ci ildəki göstəricisi 20,8 faiz idi. Seçici fəallığı isə 2021-ci ildəki 60,3 faizdən 77,8 faizə yüksəlib.
AfD 83 yerlik landtaqda 39 mandat qazanıb. Mütləq çoxluq üçün partiyaya üç mandat çatmır.
CDU 17,2 faizlə ikinci olub və əvvəlki seçki ilə müqayisədə təxminən 20 faiz-bənd itirib. SPD 9,3, “Yaşıllar” 8,9, “Die Linke” 8,6, Sahra Vaqenknext Alyansı (BSW) isə 5,3 faiz səs toplayıb. FDP 2,6 faizlə parlamentdən kənarda qalıb.
Keçmiş konsentrasiya düşərgəsinin yerində yaradılmış Buxenvald Memorialının direktoru Yens-Kristian Vaqner AfD-nin nəticəsini “insanı qəzəbləndirən və mat qoyan rüsvayçılıq” adlandırıb. O bildirib ki, AfD hakimiyyətə gələrsə, İkinci dünya müharibəsindən sonra Almaniyada ilk dəfə ifrat sağçı partiya əyalət hökumətinə rəhbərlik etmiş olacaq və bu ehtimal “sükutla qarşılanmamalıdır”.
“Die Linke”-nin Saksoniya-Anhaltdan olan 17 yaşlı üzvü Maks Şneller deyib ki, AfD hökumət qurarsa, onun azlıqları hədəfə almaq cəhdlərinə qarşı mübarizə aparacaqlar: “Biz qonşularımızı mənşəyinə, dininə və ya dərisinin rənginə görə təsnif etməyəcəyik – biz başqalarına nifrət edə bilməyəcək qədər insanpərvərik”.
AfD-nin hökumət qurmaq cəhdləri
AfD-nin əsas namizədi Ulrix Ziqmund digər fraksiyalarla və ayrı-ayrı deputatlarla danışıqlar aparıb “sabit çoxluq” yaratmağa çalışacaqlarını bildirib. Sentyabrın 8-də partiya landtaqda təmsil olunacaq bütün siyasi qüvvələri ilkin danışıqlara dəvət edib. Amma CDU, SPD, “Yaşıllar” və “Die Linke” AfD ilə koalisiya qurmayacaqlarını bəyan ediblər.
Beş mandat qazanmış BSW hökumətin qurulmasında həlledici mövqeyə sahibdir. Partiya AfD ilə koalisiyaya girməyəcəyini və Ziqmundun lehinə səs verməyəcəyini bildirir. Amma partiya lakin mümkün üçüncü səsvermədə bitərəf qala biləcəyinə işarə edib. Hərçənd bu halda da AfD-yə digər partiyalardan ən azı daha bir deputatın dəstəyi və ya bitərəf qalması lazım gələcək.
Saksoniya-Anhaltın Konstitusiyanı Müdafiə İdarəsi AfD-nin əyalət təşkilatını 2023-cü ilin noyabrında sağçı-ekstremist kimi təsnif edib. Qurum bildirib ki, insan ləyaqəti və demokratiya prinsipləri də daxil olmaqla, partiyanın fəaliyyəti azad demokratik quruluşun əsaslarına yönəlib.
Etirazlar digər şəhərlərə də yayılıb
Aksiyalar Berlinlə məhdudlaşmayıb. Potsdam, Münster, Göttingen, Drezden, Axen, Bamberg, Darmştadt və Halberstadtda da nümayişlər keçirilib. Halledə seçki günündən etibarən solçu qruplar və vətəndaş cəmiyyəti təşkilatları etiraz düşərgəsi qurublar.
Meklenburq-Ön Pomeraniyanın 12 şəhərində ümumilikdə 2 mindən çox insan küçəyə çıxıb. Polis Rostok şəhərində təxminən 1.200 nəfər, Qrayfsvald və Ştralzund şəhərlərinin hər birində isə təxminən 300 nəfər iştirakçı qeydə alıb. Şverin şəhərində keçirilən aksiyaya əyalətin baş naziri Manuela Şveziq də qatılıb.
Sentyabrın 8-də Kölndə keçirilən aksiyada polis 9 min, təşkilatçılar isə 20 min iştirakçının olduğunu bildirib. WDR-in müşahidəsinə görə, təxminən 15 min nəfərin qatıldığı nümayiş dinc və insidentsiz başa çatıb.
Amma Halledəki təxminən 850 nəfərlik yürüşün sonunda 25 yaşlı aksiya iştirakçısı hava təzyiqli silahdan atıldığı ehtimal edilən mərmi ilə üzündən yüngül yaralanıb. Şübhəli şəxs müəyyən edilməyib, hadisənin siyasi motivli olub-olmadığı hələ ki məlum deyil. Araşdırmaya polisin dövlət təhlükəsizliyi bölməsi də cəlb olunub.
Növbəti seçkilər ərəfəsində qüvvələr nisbəti
Meklenburq-Ön Pomeraniyada 26–31 avqust tarixlərində keçirilmiş son “NDR/Infratest dimap” sorğusunda AfD 35 faizlə birinci yeri tutub. SPD yay aylarında fərqi azaldaraq 32 faizə yüksəlib. “Die Linke” 11, CDU 8, Yaşıllar 5, BSW isə 4 faiz dəstək alıb.
Bununla belə, sorğuda respondentlərin 56 faizi SPD-nin, yalnız 31 faizi isə AfD-nin rəhbərlik etdiyi əyalət hökumətinə üstünlük verib.
Berlində vəziyyət fərqlidir. Nəticələri yaxın günlərdə dərc olunmuş iki sorğuya görə, CDU 20–21, “Die Linke” 19, AfD 18, “Yaşıllar” 15–18, SPD isə 11–15 faiz aralığında dəstək qazanır. Hazırda bu şəhər-əyaləti CDU və SPD koalisiyası idarə edir.
Həm Berlin, həm də Meklenburq-Ön Pomeraniya sorğuları Saksoniya-Anhalt seçkisindən əvvəl aparılıb. Buna görə həmin nəticənin seçici mövqelərinə mümkün təsiri bu rəqəmlərdə əks olunmur. Berlində ilk dəfə 16 və 17 yaşlılar da əyalət parlamentinə seçkilərdə səs verə biləcəklər.
Hakim koalisiyada yaranan çatlar
Kansler Fridrix Merts istefa verməyəcəyini bildirib; qeyd edib ki, Almaniyanın iqtisadiyyatını canlandırmaq və artan təzyiqlə üzləşən sosial təminat sistemini möhkəmləndirmək üçün nəzərdə tutulan islahatları davam etdirəcək. Onun fikrincə, AfD-nin yüksəlişini dayandırmağın əsas yolu iqtisadi və sosial problemlərin həllidir.
Federal koalisiyanın kiçik tərəfdaşı SPD isə seçicilər arasında ən çox narazılıq doğuran pensiya və sosial təminat islahatlarının yumşaldılmasını istəyir. Sentyabrın 8-də CDU-nun Meklenburq-Ön Pomeraniyadakı sədrinin müavini Tino Şoman daha da irəli gedərək Mertsin kansler vəzifəsinə uyğun olmadığını deyib və onun dəyişdirilməsini tələb edib.
Bu fikir ayrılıqları AfD-nin seçki uğurunun təkcə Saksoniya-Anhaltla məhdudlaşmayan siyasi nəticələr doğurduğunu və onsuz da kövrək olan CDU/CSU–SPD federal koalisiyasına təzyiqi artırdığını göstərir.
“Politfm”



