Qərb iqtisadiyyatı 2026-cı ilin ən böyük geosiyasi fırtınasına hazırlaşır. Bu gwn Vaşinqtondan sızan “gizli sənədlər” və eyni vaxtda Brüsseldə qapalı qapılar arxasında keçirilən fövqəladə toplantı illərdir davam edən Transatlantik ittifaqın “ölüm fərmanı” ola bilər.
Trampın “güzgü taktikası” və ya Vaşinqtonun qisas əməliyyatı
“Politico” nəşrinin əldə etdiyi məlumatlara görə, Donald Tramp administrasiyası qlobal ticarətin qaydalarını kökündən dəyişəcək “Ticarətdə ədalət aktı” adlı sənəd hazırlayırlar və bu, sadəcə bir vergi artımı deyil, ABŞ-nin bütün dünyaya, o cümlədən ən yaxın müttəfiqlərinə qarşı başlatdığı “iqtisadi qisas” əməliyyatıdır.
Planın nüvəsini “qarşılıqlı vergi” (“reciprocal tax”) anlayışı təşkil edir.
Trampın məntiqi sadə və sərtdir: “Əgər sən mənim malıma 10% vergi qoyursansa, mən də sənin malına eyni sədləri çəkəcəm”.
Bu gedişlə ABŞ onilliklərdir davam edən “azad ticarət” illüziyasını bir kənara ataraq hər bir ölkəni fərdi və qəddar şərtlərlə masaya oturtmağa hazırlaşır. Bu, faktiki olaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tabutuna vurulan sonuncu mismardır.
Brüsselin “iqtisadi NATO” axtarışı
Vaşinqtondan gələn bu xəbərlər Brüsseldə zəlzələ effekti yaradıb.
Avropa İttifaqı liderləri və iqtisadiyyat nazirləri bu gün fövqəladə şəkildə toplaşaraq ABŞ-nin bu tarif sunamisindən necə qorunmağı müzakirə ediblər. Toplantının əsas gündəmi artıq “diplomatik tərəfdaşlıq” deyil, “iqtisadi müdafiə qalxanı”dır.
Aİ strateqləri anlayırlar ki, Trampın bu planı işə düşərsə, Avropanın avtomobil sənayesi və maşınqayırma nəhəngləri Amerika bazarından tamamilə sıxışdırılıb çıxarıla bilər. Bu, təkcə iqtisadi geriləmə deyil, həm də milyonlarla iş yerinin itirilməsi və Avropanın strateji muxtariyyətinin çökməsi deməkdir.
Brüsseldəki qapalı müzakirələrdə ən radikal təklif səslənib: ABŞ-nin iqtisadi basqısına müqavimət göstərmək üçün Çinlə (“DeepSeek”in texnoloji qələbəsindən sonra güclənən Pekinlə) müvəqqəti və strateji ticarət ittifaqı qurmaq.
“Böyük qırılma”: iki cəbhə arasında qalan dünya
Bu iki hadisə – Vaşinqtonun “gizli hücum” planı və Brüsselin “panik müdafiəsi” qlobal düzənin iki böyük bloka parçalandığını göstərir. Bir tərəfdə istehsalı zorla öz daxilinə qaytarmaq istəyən proteksionist Amerika, digər tərəfdə isə bu təzyiq altında sağ qalmağa çalışan qlobalist Avropa-Çin yaxınlaşması.
Bu toqquşma təkcə okeanın o tayını yox, bütün Orta Dəhliz ölkələrini, o cümlədən Azərbaycanı da ciddi seçim qarşısında qoyur. Əgər Qərb blokunda bu çat dərinləşərsə, Azərbaycanın tranzit-loqistika imkanları həm Avropa, həm də Çin üçün yeganə nəfəslik ola bilər.
Brüsseldəki toplantının nəticələri çox şeyi həll edəcək: ya Avropa ağ bayraq qaldıracaq, ya da böyük ticarət “müharibəsinin” ilk rəsmi yaylım atəşi açılacaq.
“Politfm”



