Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli (foto: internet)
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və “kənd toyuğu”dur.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib (“Trend”).
AQTA sədrinin sözlərinə görə, agentlik 4 tona yaxın saxta bal üzə çıxarıb, 2 tona yaxını məhv edilib. Bundan başqa, 163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssisəsində saxta spirtli içkilər aşkarlanıb və dövriyyədən çıxarılaraq məhv edilib.
Təhməzli deyib ki, Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilər, qara kürü və “kənd toyuğu”dur:
“Müxtəlif mənşəli qara kürü nərə balığına məxsus kürü kimi qablaşdırılır. İkinci istiqamətsə süni kürüylə bağlıdır. Süni kürünün istehsalı və ya ölkəyə idxalı qadağan deyil, sadəcə, məhsul öz adıyla, yəni “süni kürü” kimi satışa çıxarılmalıdır. Problem ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə restoran və şadlıq saraylarında istehlakçılar aldadılaraq həmin məhsul təbii qara kürü adı altında təqdim edilir. Bu halın insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və agentlik belə hallara qarşı müvafiq tədbirlər görür”.
Təhməzli bildirib ki, saxta kürü satışıyla bağlı 10 ərzaq bazarında, 8 ticarət obyektində, 14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən edilib.
“Saxtalaşdırma hallarından biri də kənd toyuğu adı altında müxtəlif toyuqların rənginin dəyişdirilərək satışa çıxarılmasıdır. Bəzi hallarda qida sənayesində istifadəsi qadağan olunmuş toksik rəngləyicilərdən istifadə edilməklə toyuqların dərisi daha tünd sarı rəngə boyanır” deyə, AQTA sədri əlavə edib.
“Politfm”



