Foto: AP
Tehran dörd ay çəkən təxirəsalmalardan sonra mərhum ayətullah Əli Xameneinin altı gün davam edəcək dəfn mərasimlərini təşkil etməyə hazırlaşır. Təhlükəsizlik tədbirləri gücləndirilib, eyni zamanda ABŞ və İran arasında Hörmüz boğazı, nüvə proqramı və sanksiyalarla bağlı həssas danışıqlar davam edir.
İran İslam Respublikası öz tarixinin ən irimiqyaslı dəfn mərasimini keçirməyə hazırlaşır. Tədbirlər iyulun 4-dən başlayaraq altı gün ərzində İranın və İraqın beş şəhərində təşkil olunacaq.
Bu barədə “Euronews” nəşri məlumat yayıb.
Xamenei fevralın 28-də – ABŞ və İsrailin İrana ilk zərbələri zamanı həlak olub.
O, 37 il İran İslam Respublikasının ali dini lideri olub və 1979-cu il İslam İnqilabından sonra bu vəzifədə ən uzun müddət qalan ikinci şəxsdir.
1939-cu ildə Məşhəd şəhərində anadan olan Xamenei 1981–1989-cu illərdə İran prezidenti vəzifəsində çalışıb. Ayətullah Ruhullah Xomeyninin ölümündən sonra islam alimlərindən ibarət Ekspertlər Şurası tərəfindən ayətullah seçilib.
Xameneinin cənazəsi müharibənin əvvəlindən etibarən matəm zalında saxlanılıb. Dəfn mərasiminin dörd ay gecikməsi müharibə və ondan proseslərlə əlaqələndirilir.
Tehran hesab edir ki, hazırda gərginlik nisbətən azalıb. Memorandum üzrə danışıqlar davam etdiyi müddətdə İran və ABŞ qarşılıqlı hərbi əməliyyatları dayandırıblar.
Mərasimlərin proqramı və miqyası
Dəfn mərasimi şənbə günü Tehrandakı Mosalla dua kompleksində başlayacaq və 2 gün bu məkanda davam edəcək. Kompleks dövlət səviyyəli dini tədbirlərin və yüksək səviyyəli dəfnlərin keçirildiyi əsas mərkəz hesab olunur.
Əsas vida yürüşü bazar ertəsi İmam Hüseyn meydanından “Azadi” (“Azadlıq”) meydanına qədər uzanan 10 kilometrlik marşrut üzrə davam edəcək. Bu meydan 1979-cu il inqilabı da daxil olmaqla, bütün böyük etiraz aksiyalarının və İran tarixinin ən mühüm kütləvi toplantılarının keçirildiyi məkanlardan biridir.
Tehran meri mərasimə təxminən 20 milyon nəfərin qatılacağını bildirib və bunu “şəhərin tarixində ən böyük toplaşma” adlandırıb.
Yürüş iyulun 7-də Qum şəhərində davam edəcək və Fatimə Məsumə məqbərəsi ilə Cəmkəran məscidi arasında keçiriləcək. Həmin gün havanın temperaturunun təxminən 45 dərəcəyə çatacağı gözlənilir.
Bundan sonra cənazə İraqa aparılacaq, şiə islamının ən müqəddəs şəhərləri olan Nəcəf və Kərbəlada mərasimlər keçiriləcək. Bu şəhərlərdə birinci imam Əlinin və üçüncü imam Hüseynin məzarları yerləşir.
İranın xarici işlər naziri Abbas Əraqçi İraqa səfəri zamanı hər iki şəhərdə olub və hazırlıqları müzakirə etmək üçün onların rəhbərliyi ilə görüşlər keçirib.
Yekun dəfn mərasimi iyulun 9-da Məşhəd şəhərində keçiriləcək.
Hakimiyyətin hesablamalarına görə, ümumilikdə dəfn mərasimlərində 8-10 milyon nəfər iştirak edəcək.
Təhlükəsizlik, logistika və Müctəba Xameneinin yoxluğu
Logistika işlərinə “Bəsic” yarımhərbi təşkilatı nəzarət edəcək.
Aviareyslərin ləğvi, iri şəhərlərə girişə ciddi nəzarət və digər genişmiqyaslı təhlükəsizlik tədbirləri planlaşdırılır. Tehranın avtomagistralları müvəqqəti dayanacaqlara çevriləcək; İranın 31 vilayətindən gələn zəvvarları məscidlərə, məktəblərə, idman zallarına və universitetlərə yerləşdirəcəklər.
İslam İnqilabı Keşikçiləri Korpusuna iri şəhərlərdə təhlükəsizliyin təmin edilməsi və izdihamın idarə olunması tapşırılıb. Hazırlıq işlərinə bir neçə həftədir ki, birinci vitse-prezident Məhəmməd Rza Arefin rəhbərlik etdiyi xüsusi komitə nəzarət edir.
Atasının ölümündən sonra yeni ayətullah elan edilən, amma indiyədək ictimaiyyət qarşısına çıxmayan Müctəba Xameneinin mərasimlərdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.
ABŞ mediası iranlı rəsmilərə istinadən yazıb ki, o, atasının öldürüldüyü hücum zamanı ağır yaralanıb və bir neçə əməliyyat keçirib. İran hakimiyyəti bu məlumatı təsdiqləməyib.
Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif ölkələrinin rəsmi nümayəndə heyətinin mərasimdə iştirak edəcəyini təsdiqləyiblər.
Amma müharibə zamanı İranın hava zərbələri endirdiyi Fars körfəzi ölkələrinin liderlərinin, eləcə də Rusiya və Çin rəhbərliyinin mərasimdə iştirak edib-etməyəcəyi və hansı səviyyədə təmsil olunacaqları hələ açıqlanmayıb.
“Politfm”



