Foto: internet



Avropanı cənginə alan anomal istilər təkcə insanlara yox, memarlıq abidələrinə də təsir edir.
Ekspert Bertran Lemanın sözlərinə görə, Fransanın simvolu sayılan məşhur Eyfel qülləsi qızdırıldıqda genişlənən, temperatur aşağı düşdükdə isə daralan xüsusi döymə dəmirdən hazırlanıb (“news.inbox.eu”).

Bu səbəbdən qüllənin hündürlüyü sabit qalmır. Havanın temperaturu −10-dan +40 °C-yə qədər dəyişdikdə, qüllə təxminən 10 santimetr uzanır. Yəni temperaturun hər 10 dərəcə artması 2 santimetrlik artım yaradır. Amma dəyişiklik minimal olduğu üçün onları adi gözlə fərq etmək mümkün deyil.

Mütəxəssis xəbərdarlıq edir ki, uzunmüddətli perspektivdə qlobal iqlim dəyişikliyi və getdikcə daha tez-tez təkrarlanan ekstremal isti hava dalğaları metal strukturun ümumi vəziyyətinə mənfi təsir göstərə bilər. Qüllənin dəmir elementlərinin istismar müddəti 800-1000 il olsa da, bəzi hissələrin zaman keçdikcə yenilənməsi tələb olunacaq.

Digər tərəfdən, kəskin istilər ölkədə ciddi humanitar böhrana yol açıb. RTL media qurumunun yaydığı məlumatlara görə, təkcə iyunun 24-dən 27-dək olan qısa müddət ərzində Fransada yüksək temperatur səbəbindən mindən çox ölüm faktı qeydə alınıb. Faciəvi halların ən çox rast gəlindiyi bölgə paytaxt Paris və onun ətraf rayonları olub. Sinoptiklər anomal isti dalğalarının hələ bir müddət də davam edəcəyini bildirirlər.

 

“Politfm”