Foto: “Getty İmages”
ABŞ Prezidenti Donald Tramp dünən İrana hücum planını ləğv etdiyini açıqlayandan dərhal sonra bir sıra media orqanları iki ölkə arasında hazırlanmaqda olan “qarşılıqlı anlaşma memorandumu”nun detalları barədə yeni məlumatlar yayıb.
Jurnalistlərin əldə etdiyi məlumata görə, sənəd hərbi əməliyyatların dayandırılmasını (o cümlədən Livanda), nüvə proqramı üzrə danışıqlar aparılmasını, Hörmüz boğazının açılmasını və ABŞ-nin dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutur.
Trampın açıqlamasından sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib ki, Tehran ABŞ ilə razılaşma məsələsində hələ yekun qərar verməyib və yaxın vaxtlarda sazişin imzalanacağı barədə xəbərlər spekulyativ xarakter daşıyır.
Amma bu gün – iyunun 12-də, cümə günü səhər saatlarında İranın yarırəsmi “Mehr” xəbər agentliyi memorandumun ehtimal olunan layihə mətnini dərc edib. ABŞ-nin “Axios” nəşri də sənədlə tanış olduğunu bildirərək onun əsas müddəalarını açıqlayıb.
“Axios”-a danışan iki mənbə bildirib ki, iyunun 11-i axşam saatlarına olan vəziyyətə əsasən, razılaşma İran rəhbərliyi tərəfindən təsdiqlənib, amma, böyük ehtimal, ali rəhbər ayətullah Müctəba Xamenei onların arasında yoxdur. Bunu “Bloomberg” də yazıb.
Mənbələrin sözlərinə görə, ilkin razılıq çərşənbə günü axşam saatlarında, Qətərdən olan vasitəçi Əli əl-Təvadiylə İranın xarici işlər naziri Abbas Əraqçi arasında saatlarla davam edən danışıqlardan sonra əldə olunub.
“Bloomberg” yazır ki, memorandumun imzalanması artıq bu bazar günü – iyunun 14-də İsveçrənin Cenevrə şəhərində baş tuta bilər.
Memorandumun mətnində nələr var?
Atəşkəs və nüvə proqramı
“Axios” yazır ki, qarşılıqlı anlaşma memorandumu atəşkəs rejiminin 60 gün müddətinə uzadılmasını nəzərdə tutur. Bu dövrdə hərbi əməliyyatlar (o cümlədən Livanda da) dayandırılmalı, ABŞ və İran Tehranın nüvə proqramıyla bağlı danışıqlara başlamalıdırlar.
Nəşrin məlumatına görə, İran nüvə proqramı üzrə bir sıra öhdəliklər götürəcək. Bunlara nüvə silahı hazırlamamaq və zənginləşdirilmiş uran məsələsinin həlli daxildir. Amma Tehran bu öhdəliklərin icrasına mahiyyətcə daha texniki xarakter daşıyan ikinci sənədin qəbulundan sonra başlayacaq.
“Mehr” agentliyinin dərc etdiyi versiyada ilk bənd hərbi əməliyyatların, o cümlədən Livandakı döyüşlərin dayandırılmasıdır. Daha ətraflı nüvə sazişi üzrə danışıqlar üçün 60 gün vaxt ayrılır. Həmin müddətdə İrana qarşı sanksiyaların da ləğv olunması nəzərdə tutulur.
Hörmüz boğazı və ABŞ blokadası
“Axios”-un yazdığına görə, Hörmüz boğazı dərhal açılacaq və gəmiçilik 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarılacaq.
Öz növbəsində ABŞ da İrana qarşı tətbiq etdiyi blokadanı aradan qaldıracaq. “Mehr”in dərc etdiyi versiyada da blokadanın ləğvi və boğazın açılması üçün 30 günlük müddət nəzərdə tutulur.
Sanksiyalar və dondurulmuş vəsaitlər
“Axios”-un daha əvvəlki xəbərinə görə, Hörmüz boğazı açıldıqdan sonra ABŞ İrana neft ixrac etməyə imkan yaratmaq üçün sanksiyaları 60 gün müddətinə dayandıracaq. Məlumatlı mənbələr bildirilər ki, razılaşmanın şərtlərinin yerinə yetirilməsindən asılı olaraq bu güzəştin müddəti uzadıla bilər.
Sanksiyaların ləğvi “Mehr”in dərc etdiyi versiyada da qeyd olunur, amma bunun üçün konkret vaxt məhdudiyyəti göstərilmir.
“Axios” qeyd edir ki, memorandumda İranın milyardlarla dollarlıq dondurulmuş aktivlərinin taleyilə bağlı müddəaların olub-olmadığı hələ məlum deyil.
“Mehr”in versiyasında isə yekun danışıqların 60 günü ərzində 24 milyard dolların blokdan çıxarılması nəzərdə tutulur. Həmin məbləğin yarısı danışıqlar hələ başlamamış Tehranın istifadəsinə verilməlidir.
ABŞ-nin öhdəlikləri
“Mehr”in dərc etdiyi mətndə “Axios”-dakı versiyada yer almayan bir neçə müddəa var.
Həmin versiyaya əsasən, ABŞ İranın daxili işlərinə qarışmamağı və ölkənin suverenliyinə hörmət etməyi öhdəsinə götürəcək.
Bundan əlavə, ABŞ öz qoşunlarını İran ətrafındakı bölgələrdən çıxarmalı, həmçinin 60 günlük danışıqlar müddətində regiondakı hərbi mövcudluğunu artırmamalıdır.
Həmçinin qeyd olunur ki, ABŞ və müttəfiqləri İranın bərpası üçün ən azı 300 milyard dollar dəyərində yenidənqurma planı təqdim etməlidirlər.
“Mehr” yazır ki, İranın raket proqramı və silahlı qruplaşmalara dəstəyi yekun danışıqların gündəliyinə daxil edilməyəcək. Danışıqlar yalnız nüvə proqramı, sanksiyaların ləğvi və ölkənin bərpası məsələlərinə həsr olunacaq.
“Axios”-un məlumatına görə, Qətər və Pakistanın vasitəçiliyilə hazırlanmış bu razılaşma “İslamabad sazişi” adlandırılacaq.
Hələ ki rəsmi mənbələr memorandumun məzmunuyla bağlı mediada yayılan məlumatları təsdiqləməyiblər.
“Politfm”



