Maliyyə naziri Sahil Babayev (foto: Aydın Məmmədov/ “AZƏRTAC”)
2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və 129,1 milyard manat təşkil edib. 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsul artaraq 12,6 min manat olub.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində 2025-ci ildə qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72 faizi və yaxud 92,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 mlrd. manat çoxdur.
“Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb. Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil etməklə hədəf diapazonunda qalıb” deyə, Babayev qeyd edib.
Amma nazirin açıqladı “dinamik iqtisadi inkişaf” statistikasında bu sualın cavabı yoxdur: ÜDM, valyuta ehtiyatları və istehsal artıbsa, bu, niyə əhalinin həyat şəraitində öz əksini tapmır, vətəndaş niyə sürətlə borclanır?
Müstəqil ekspertlər bu suala belə cavab verirlər: Azərbaycanda ÜDM-in böyük bir hissəsi hələ də neft, qaz və dövlət layihələri (məsələn, böyük infrastruktur tikintiləri) hesabına formalaşır.
Bu sahələrdən gələn böyük vəsaitlər birbaşa dövlət büdcəsinə və ya iri holdinqlərə gedir. Neft sektoru ölkə iqtisadiyyatının dörddə birindən çoxunu təşkil etsə də, bu sahə ölkə məşğulluğunun cəmi 1-2%-ini əhatə edir. Yəni iqtisadi artımdan faydalananların sayı çox azdır.
Ekspertlər bildirirlər ki, “Adambaşına düşən ÜDM 12,6 min manatdır” ifadəsi sadəcə riyazi hesablamaya əsaslanır və bu o demək deyil ki, hər bir vətəndaş ildə 12,6 min manat qazanır. Realda gəlirlər bərabər bölünmür, yüksək maaş alanlar işləyənlərin çox az hissəsini təşkil edir, əksəriyyətin qazancı minimal əməkhaqqı və ya ona yaxın məbləğ səviyyəsindədir. Orta göstərici yüksək maaşlar sayəsində “şişir” və bu, sıravi vətəndaşın rifahının artması mənasına gəlmir.
Ölkə iqtisadiyyatı 1.4% böyümüş olsa da, gündəlik tələbat malları (qida, dərman, kommunal xidmətlər, kirayə mənzillər) çox vaxt bundan daha sürətlə bahalaşır. Əgər vətəndaşın maaşı 5% artıbsa, marketdəki məhsulların qiyməti 10% yüksəlibsə, bu, onun ötən ilə nisbətən daha da kasıblaşması deməkdir. Başqa sözlə, rəsmi artım real alıcılıq qabiliyyəti qarşısında “əriyir”.
Ekspertlər vətəndaşların kütləvi şəkildə banklara və mağazalara borclanmasının əsas səbəbini orta və minimum əməkhaqqının fundamental ehtiyacları (təhsil, səhiyyə, qida, geyim) tam ödəməməsiylə izah edirlər. İsanlar məişət texnikasından tutmuş, toy-yas xərclərinə, hətta bəzən ərzağa qədər bütün xərclərini kredit və ya nisyə yoluyla ödəməli olurlar.
Banklar istehsal və ya biznes üçün yox, daha çox istehlak (telefon almaq, maşın almaq, nağd pul xərcləmək) üçün asanlıqla kredit verir. Bu isə vətəndaşı gələcək gəlirlərini indidən xərcləməyə və borc spiralına girməyə məcbur edir.
Bir sözlə, makroiqtisadi artım (ÜDM) ölkənin “bədəninin” böyüməsidir və bu böyümə əsasən neft gəlirləri və dövlət xərcləri hesabına baş verdiyi üçün “kapilyar damarlarla” – sıravi vətəndaşın cibinə (kiçik biznesə, xidmət sektoruna, maaşlara) çatmır. Gəliri xərclərindən az olan insanlar yeganə çıxış yolunu borclanmaqda görürlər.
“Politfm”



