Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona nota təqdim edilib.
XİN fevralın 5-də Rusiya Dövlət Dumasının MDB, Avrasiyada inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulinin Azərbaycanda Ermənistan vətəndaşlarının məhkum olunmasıyla bağlı dediklərinə kəskin etirazını bildirib.

K.Zatulinin uzun müddətdir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi, separatizmə açıq dəstək verməsi, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşları barəsində məhkəmə qərarlarını təhrif etməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib.

Nazirlik Rusiyanı bölgədə sülh və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoymaq üçün müvafiq tədbirlər görməyə çağırıb.