ABŞ və İspaniya arasındakı münasibətlər 2026-cı ilin mart ayından etibarən gərgin bir mərhələyə qədəm qoyub. Bu gərginliyin mərkəzində Yaxın Şərqdəki hərbi əməliyyatlar və ticarət müharibəsi təhdidləri dayanır.
Əsas ixtilaf ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarıyla bağlıdır. ABŞ İspaniyadakı Rota və Moron hərbi bazalarından bu əməliyyatlar üçün istifadə etmək istəsə də, İspaniya hökuməti buna qəti şəkildə yox deyib. Baş nazir Pedro Sançez bu müharibəni “səhv” adlandıraraq İspaniyanın sülhməramlı mövqeyindən dönməyəcəyini bəyan edib.
Amerika Prezidenti Donald Tramp İspaniyanı “çox pis müttəfiq” adlandırıb, hərbi bazaların istifadəsinə icazə verilməməsinə cavab olaraq ölkəni total ticarət embarqosuyla hədələyib. O, İspaniyanı müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmamağa görə də tənqid edib.
Martın əvvəlində Ağ Ev bu ölkənin İrana qarşı əməliyyatlarda əməkdaşlığa razılıq verdiyini açıqlasa da, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bu xəbəri dərhal təkzib edib. O, ölkəsinin mövqeyinin “bir santimetr belə dəyişmədiyini” bildirib.
Avropa İttifaqının mövqeyi
Bu diplomatik böhranda Avropa İttifaqı (Aİ) İspaniyanın yanında yer alıb. Aİ rəsmiləri bəyan ediblər ki, İspaniyaya qarşı hər hansı ticarət sanksiyası bütövlükdə Avropa İttifaqına qarşı yönəlmiş sayılacaq.
İqtisadi təsir
Münasibətlərin pisləşməsi artıq rəqəmlərdə də özünü göstərib. İspaniyanın ABŞ-yə ixracı 11%-dən çox azalıb. ABŞ-dən bu ölkəyə idxalsa daha kəskin aşağı düşüb.
Hazırda bu iki müttəfiq ölkə arasında həm hərbi, həm də iqtisadi müstəvidə ciddi bir “soyuq müharibə” yaşanır.
Çinin reaksiyası
Çinin Xarici İşlər Nazirliyi Donald Trampın İspaniyaya qarşı ticarət embarqosunu qəbuledilməz adlandırıb. Rəsmi Pekin bildirib ki, ticarət əlaqələri siyasi təzyiq alətinə çevrilməməlidir. Çin bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
ABŞ-nin maliyyə naziri Skott Bessentsə bildirib ki, İspaniya Amerikadan üz döndərib Çinə üz tutarsa, bu, onun öz iqtisadiyyatına böyük zərər vuracaq.
İspaniya üçün hansı risqlər var?
– İspaniya dünyanın ən böyük zeytun yağı istehsalçısıdır. ABŞ isə bu məhsul üçün əsas bazarlardan biridir. Rüsumlar daha da artırıla bilər və bu, ispaniyalı fermerlər üçün milyardlarla avro itki deməkdir. Ümumiyyətlə, ABŞ bazarı İspaniyanın qida məhsulları üçün əsas ixrac yeridir.
– İspaniya yaşıl enerji sektorunda qlobal liderlərdən biridir. ABŞ-dəki bir çox yaşıl enerji layihələrində İspaniya şirkətləri podratçı kimi iştirak edir. ABŞ-nin bu sahədə əməkdaşlığı məhdudlaşdırması ölkənin investisiyasına mənfi təsir edə bilər.
– İspaniya Avropanın ən böyük avtomobil istehsalçılarından biridir. Bir çox ABŞ markası İspaniyada böyük zavodlara malikdir. Ticarət gərginliyi bu zavodların taleyini və minlərlə iş yerini risqə atır.
– İspaniya iqtisadiyyatının 12-13 faizi turizmdən asılıdır. ABŞ-dən gələn turistlərin sayında azalma və hava nəqliyyatına tərbiq edilən məhdudiyyətlər İspaniyanın xidmət sektoruna ciddi təsir edə bilər.
– ABŞ İspaniyanın Rota bazasındakı hərbi varlığını azaltmaqla bağlı hədəsini reallaşırsa, bu, ölkənin strateji əhəmiyyətini azalda bilər.
Təbii ki, bu gərginlikdən ABŞ-nin də itirəcəyi şeylər var. Məsələn, ABŞ Şimali Afirka və Aralıq dənizinə nəzarət imkanlarını itirə bilər.
İspaniya necə sığortalanır?
ABŞ-nin təhdidlərinə baxmayaraq İspaniya Çinlə əməkdaşlığı genişləndirməkdə israrlı görünür. Baş nazir Sançez Çinə səfər edərək yaşıl enerji və texnologiya sahəsində bu ölkəylə müqavilələr imzalayıb. İspaniya rəsmiləri bildirirlər ki, ABŞ-nin embarqo təhdidi qarşısında Çinlə əməkdaşlıq vacibdir.
Eyni zamanda, İspaniya Aİ-ni ABŞ-yə qarşı vahid iqtisadi blok kimi çıxış etməyə çağırır, Cənubi-Şərqi Asiya ölkələriylə yeni ticarət dəhlizləri yaradır.
“Politfm”



