Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Cənubi Koreyanı rəsmi olaraq “ən düşmən dövlət” adlandırıb və hər hansı təxribat törədiləcəyi təqdirdə bunun ağır nəticələri olacağı barədə xəbərdarlıq edib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Xəbərdə bildirilir ki, Kim Çen In bu bəyanatla 15-ci çağırış Ali Xalq Məclisinin birinci sessiyasının ikinci və sonuncu günündə çıxış edib. O, Cənubi Koreyanın “rəsmi şəkildə ən düşmən ölkə kimi tanındığını” vurğulayıb.
KXDR lideri əlavə edib ki, Seul Pxenyana qarşı hər hansı təxribata görə ağır bədəl ödəyəcək. O, həmçinin bildirib ki, Koreya Xalq Demokratik Respublikası nüvə silahına malik dövlət statusunu heç vaxt dəyişməyəcək.
Kim Çen In qeyd edib ki, “düşmən qüvvələr”lə mübarizə aparmaq, Şimali Koreyanın “müdafiə xarakterli nüvə çəkindirmə” imkanlarını gücləndirmək, eləcə də nüvə qüvvələrinin milli və regional təhlükəsizliyə yönəlmiş “strateji təhdidlərə” qarşı “sürətli və dəqiq” reaksiyasını təmin etmək üçün bütün səylər səfərbər olunacaq.
“Ölkənin ləyaqəti, maraqları və yekun qələbəsi yalnız ən qüdrətli qüvvə sayəsində təmin edilə bilər” deyə, Kim Çen In əlavə edib.
“Politfm”



