Müxalif “Droa” partiyasının lideri Elene Xoştariya Tiflis meri Kaxa Kaladzenin seçki banerinə markerlə yazı yazdığına görə 1 il 6 ay həbs cəzasına məhkum edilib.
Dörd uşaq anası olan Elene Xoştariya 2025-ci il sentyabrın 15-də saxlanılıb. Ona qarşı özgənin əmlakına ziyan vurma (Cinayət Məcəlləsinin 187-ci maddəsi) ittihamı irəli sürülüb. Cinayət işi Kaxa Kaladzenin seçki banerinə markerlə “Rusiya arzusu” yazılmasıyla bağlıdır. İttiham tərəfinin hesablamasına görə, Xoştariya həmin yazıyla banerə 570 lari məbləğində ziyan vurub.
Məhkəmə Xoştariya barəsində 5 000 lari məbləğində girov qətimkan tədbiri təyin etsə də, o, girovu ödəməkdən imtina edib və etiraz əlaməti olaraq həbsdə qalmağa üstünlük verib. Siyasətçi artıq 6 aydır ki, həbsdədir.
Beynəlxalq reaksiya və partiyanın mövqeyi
Bu ay Avropa Parlamenti Elene Xoştariyanın və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edən qətnamə qəbul edib. Sənəddə vurğulanır ki, ona qarşı irəli sürülən ittihamlar siyasi motivlidir və ifadə azadlığına qarşı yönəlib.
Xoştariya özü isə son məktublarında azadlığa buraxılmasıyla bağlı hər hansı danışıqları qəti şəkildə qadağan edərək bunu rejimlə sövdələşmə hesab etdiyini bildirib.
“Droa” partiyasının açıqlamasına görə, Xoştariya həmin yazını banerə tələbə Meqi Diasamidzeyə həmrəylik əlaməti olaraq yazıb. 23 yaşlı Diasamidze də analoji ittihamla cinayət məsuliyyətinə cəlb olunub və hazırda 2 000 lari girov müqabilində azadlıqdadır.
“Politfm”



