Ana Səhifə Manşet Afrikanın “dəmir yumruğu” Müəmmar Qəddafi

Afrikanın “dəmir yumruğu” Müəmmar Qəddafi

8

Onun yolu nə vəd edir, başqa yol hansıdır?

Azərbaycanla çox oxşarlıqları var ölkənin. Bayrağından tutmuş, siyasi hakimiyyətinə, iqtisadiyyatından tutmuş dini mənsubiyyətə qədər.

Polkovnik Qəddafi 1969-cu ildə Liviyada hərbi çevriliş yolu ilə hakimiyyəti ələ alır, ta “Ərəb baharı” başlana qədər. 2011-ci ildə ölkədə çıxan vətəndaş müharibəsi fonunda küçədə faciəli ölüm bu qanlı diktatorun son aqibəti olur.

Liviya Şimali Afrikada yerləşən, dünyada neft ehtiyyatlarına görə 10-cu ölkədir. ÜDM 100 milyard dollar, adambaşına düşən milli gəlir isə bizdəkindən 3 dəfə çox illik 16 min dollardır.

Qəddafinin hakimiyyət illərinin sonunda dövlət hər doğulan uşağın hesabına 17 min dollar, hər işsiz vətəndaşına görə isə aylıq 730 dollar məvacib ödəyirdi.

Amma və lakin o, ölkədə müxalifəti sıradan çıxaraq tam bir avtoritar, qatı hərbi diktatura qurmuşdu. Ətraf ölkələrin demək olar hər birində Liviya ordusunun nəfəsi hiss edilirdi. Afrikada olan bütün münaqişə ocaqlarında Qəddafinin müzəffər ordusu iştirak edirdi. Hərbi zəfərlər, ölkənin 6 milyon əhalisi olmasına rəğmən ərazisnini dünyada 17-ci olması, neft ehtiyyatları ilə zəngin təbii sərvətlər, Avropanın bəzi siyasi rəhbərlərinin satın alınması da onu xilas etmədi.

Ölkədə vətəndaş müharibəsi çıxanda hadisələri öz çiyinlərinə götürə bilən siyasi qüvvə tapılmadı meydanda. Bundan istifadə edən böyük aktorlar diktatura üzündən məhv edilmiş dövlət institutların işləksizliyi üzündən kütkəyə dönmüş, ictimai-siyasi şüuru hüquqi dövlət yaratmağa qabil olmayan insanları rahat şəkildə öz məkirli siyasətlərinə alət edə bildilər.

Demək..

Demək ki, bir ölkənin nə ərazisinin böyük olması, nə təbii sərvətlərinin bolluğu, nə hərbi zəfərləri, nə də insanların maddi cəhətdən yaxşı həyat səviyyəsi hələ hər şey DEMƏK deyil.

Bir ölkənin ən güclü silahı, immuniteti onun üzərində yaşayan insanların azad, firavan, siyasi şüuru qarşısına çıxa biləcək problemləri ən rasional yolla həll edə bilmə potensialından keçir.

Ona görə də hansı ölkələrin ki ziyalıları, ictimai-siyasi xadimləri, yazarları, mütəfəkkirləri zamanında birləşərək, xalqı bu həqiqətə inandıraraq hüquqi, mütərəqqi qanunların işlək olduğu dövlət yarada bilirlər, vətəndaşlarına hüquq və azadlıqlar bəxş edirlər, dövləti təşkil edən strukturlar sərbəst, bir nəfərin iradəsindən fəaliyyət göstərə bilirlər, ədalət hamı üçün əl çatan olur, o dövləti bütün dünya da yığışsa məğlub edə bilmir, orada istədiyi oyun qaydalarını həyata keçirə bilməyir.

Bir nəfərin iradəsinə tabe edilən ölkələrinsə taleyi gec ya tez Liviyanın, Suriyanın və onların özündən razı diktatorlarının son aqibitləri ilə tamalanır.

Yaşasın demokratiya!

Qulu Məmmədli