Foto: internet
Bu gün neft qiymətləri 4 faiz ucuzlaşaraq mart ayından bəri ilk dəfə 80 dollardan aşağı düşüb. Səbəb Hörmüz boğazından keçişin bərpa olunacağı xəbəri və OPEC ölkələrində hasilatın artacağı gözləntisidir.
Bakı vaxtıyla saat 16:47-yə olan məlumata görə, “Brent” markalı neft üzrə fyuçerslərin qiyməti 4,03 faiz azalaraq bir barel üçün 79,82 dollara düşüb. Şimali Amerika mənşəli, WTI markalı neft üzrə müqavilələr isə 4,47 faiz ucuzlaşaraq bir barel üçün 77,1 dollar təşkil edib.
ABŞ Prezidenti Donald Tramp dünən İranla ilkin razılaşma əldə olunduğunu açıqlayandan sonra kotirovkalar təxminən 5 faiz geriləmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün təsdiqləyib ki, İran və ABŞ danışıqların yeni mərhələsinə cümə günü İsveçrədə başlayacaqlar.
“Qısamüddətli perspektiv üçün vəziyyəti çətinləşdirəcək risklər qalmaqdadır: bazar Hörmüz boğazının daha tez açılacağını və orada ilişib qalmış neft yüklərinin qayıdacağını qiymətlərə daxil edir” – “Saxo Bank”ın eksperti” Ule Hansen “Reuters” agentliyinə belə deyib.
Onun sözlərinə görə, ehtiyatların azalması, mövsümi yüksək tələbat və davam edən geosiyasi qeyri-müəyyənlik göstərir ki, neft qiymətlərinin münaqişədən əvvəlki səviyyələrə qayıtması bazardakı indiki nikbinliyin yaratdığı təsəvvürdən daha mürəkkəb ola bilər.
“Politfm”



