Ana Səhifə Siyasət Yarımçıq azadlıq, bütöv ərazi

Yarımçıq azadlıq, bütöv ərazi

İlham Hüseyin

Yaxud, avtoritarizm uğuru təhdid edir.

Biz müharibədə həmişə haqlı tərəf olmuşuq, işğala məruz qalmışıq və uzun illər torpağımız düşmən tapdağında qalıb. Ərazi bütövlüyünün təmin edilməsi təbii ki, hər bir vətəndaşı qürurlandırmalı, sevindirməlidir. Çünki biz vətəndaşıq və bu vətənin bir parçasıyıq.
Amma heç bir uğur cinayətlərə, tənəzzülə xidmət etmiş idarəçiliyə, hakimiyyətin işğal edilməsinə, günahsız insanların azadlığının oğurlanmasına, dövlətin sərvətinin talanmasına haqq qazandırmır, qazandırmamalıdır.
Eyni zamanda heç bir hökumət torpağın işğaldan azad edilməsinə görə vətəndaşa minnət qoya, özünə əlavə imtiyazlar tələb edə bilməz. Son 30 ildə ölkədə başqa hökumət olmayıb ki, “filankəs torpağı azad edə bilmədi, filan hakimiyyət işğala son qoya bilmədi, amma YAP hökuməti bunu bacardı” deyək. Azərbaycanda hökumət dəyişikliyi olmayıb və 30 il sonra işğala məhz bu hökumətin dövründə son qoyulması qeyri-adi məharət deyil. Əksinə, hökumət qat-qat zəif olan bir düşməndən 30 il ərzində torpağı geri ala bilməməyimizin, bu torpağı düşmənə hədiyyə edən ölkəylə “müttəfiq” olmağımızın izahatını verməkdə məsuldur.
Yəni, vətənpərvərliyi, dövlətçiliyi, torpaq sevgisini yaltaqlıqla sinonimləşdirmək lazım deyil. Mədhiyyələr toplusuna ehtiyac yoxdur. Hökumət Qarabağ uğurunu sipər edib, anti-xalq siyasətini davam etdirməməlidir. Sevincimiz avtoritarizmin başının altına yastıq qoymamalıdır, digər problemlərin həllinin tələbi kimi təzahür etməlidir.
Biz nəhayət dərk etməli, əmin olmalıyıq ki, idarəçiliyin forması, idarə edənlərin vətəndaşa münasibəti dəyişməyənə qədər, bütün uğurlar qısa müddətli və effektsiz olacaq. Eyni zamanda biz saxta vətənpərvərlik təbliğatıyla manipulyasiya edilməyə imkan verməməli, hökumətin ərköyünləşməsinə şans tanımamalıyıq. Xalqın sözü, özü, düşüncəsi, iradəsi bütöv olanda, ərazi bütövlüyü möhkəm və əbədi olur.