Yaxud, Putinzmlə cəhənnəmə doğru

İki gündür hökumətə yaxın saytlar “Paşinyan Zelenskinin yolunu gedir” başlıqlı material dərc edir. Məsələ budur ki, “TASS” agentliyinin yaydığı məlumata görə Rusiyanın yüksək rütbəli rəsmisi Paşinyanı Zelenski ilə müqayisə edib. Deyib ki, Paşinyan iri addımlarla Zelenskinin yoluyla gedir.
Bu başlıqda sevindirici nə var? Rusiya rəsmisinin Paşinyanı Zelenskiylə müqayisə etməsi, Paşinyan üçün komplimentdi, yoxsa kompramat?
Dünyanın qələməni sındırmağa qərar verdiyi Putinin xoşuna gəlmək yaxşıdır, yoxsa, mütərəqqi dünyanın qəhrəman kimi qarşıladığı Zelenskinin?
Məncə, belə başlıqlı təqdimat Paşinyan üçün komplimentdi. Paşinyanın demokrat, vətənpərvər, qətiyyətli, avtoritarizmin “xaç atası” na qarşı döyüşən Zelenskinin yolunu getməsi, bizi kədərləndirməlidir. Çünki Zelenskinin yolu çətin olsa da, sonda sivil dünyanın bir parçasına çevrilmək, nüfuzlu təşkilatların üzvü olmaq, etibarlı tərəfdaşa çevrilmək, investisiya cəlb etmək, mənəvi kürsünün qalibi olmaq yoludur.
Putinizmin yolunda isə “asflat” dağılıb, “körpü” uçub, “liman” tufana məruz qalıb.
Yaxşı olar ki, öz yolumuzu elə seçək ki, nə Ermənistan, nə də başqası bizdən əvvəl “asfalt” yola çıxa bilməsin. Dövlətin yolu demokratiya istiqamətində salınmalıdır. Avtoritarizmin yoluyla mənzil başına çatmaq olmur.
Ümumiyyətlə, biz “yol xəritə”sini dəyişməliyik. Bu “xəritə”dəki bütün yollar geriliyə aparır. Ərazi bütövlüyünün təmin olunması bizi aldatmasın. Biz zəfəri avtoritarizmin yoluyla getdiyimiz üçün yox, regionda bəzi yolların sıradan çıxdığı üçün qazandıq. Yəni, ərazi bütövlüyünə aparan yol, mövcud hakimiyyətin inşa etdiyi yol deyildi. Əgər qəhrəman əsgər və zabitlərimizin fədakarlıq yolu olmasaydı və Paşinyan Qərb yolunu tutub, Şimal ayısını qəzəbləndirməsəydi, avtoritar rejimin yolu bizi zəfərə apara bilməzdi.
Yolumuz açıq olsun…

İlham Hüseyin