Rusiyanın “Rosneft-Kubannefteprodukt” neft bazasındakı yanğından görüntü (foto: “Qlavkom.ua”)
Sentyabrın 4-nə keçən gecə Ukrayna qüvvələri Rusiyanın Soçini şəhərinə və ona bitişik “Sirius” federal ərazisinə genişmiqyaslı dron hücumu həyata keçiriblər.
Krasnodar diyarının əməliyyat qərargahı hava hücumundan müdafiə qüvvələrinin dronların qarşısını almağa çalışdığını bildirib. Yerə düşən qalıqlar bir neçə yaşayış evinin və başqa tikililərin pəncərələrini sındırıb. Müxtəlif yerlərdə yanğın başlayıb.
Yanğınlardan biri neft bazasının ərazisində qeydə alınıb. Rəsmilər bazanın adını və ona dəyən zərərin miqyasını açıqlamayıblar. İlkin məlumata görə, xəsarət alan yoxdur (“İnterfaks”).
“ASTRA” teleqram kanalı şahidlərin çəkdiyi foto və videoları araşdıraraq vurulan obyektin Soçinin Adler rayonundakı “Rosneft-Kubannefteprodukt” neft bazası olduğu qənaətinə gəlib. Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Kadrlarda başqa bir yanğın da görünür. “ASTRA” görüntülərin Soçi yaxınlığındakı Rusiya hava hücumundan müdafiə bölməsinin mövqelərində yanğın baş verdiyini göstərdiyini yazır. Kanal həmin ərazidə S-300 və ya S-400 zenit-raket komplekslərinin yerləşə biləcəyini bildirir. Bu iddia da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib (“ASTRA”).
Rusiya prezidenti Vladimir Putinin iqamətgahlarından biri olan “Boçarov Ruçey” Soçinin Novı Soçi rayonundakı meşə-park ərazisində yerləşir. İqamətgahın hücumun hədəfi olduğuna dair məlumat yoxdur.
Soçi meri Andrey Proşunin gecə saat 00:40 radələrində dron təhlükəsi barədə xəbərdarlıq edib. Soçi hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.
“Sirius” nədir?
“Sirius” federal ərazisi 2020-ci ilin dekabrında Soçinin Adler rayonunun İmereti ovalığındakı bir hissəsində yaradılıb. 2014-cü il Qış Olimpiadası üçün tikilmiş obyektlərin bir çoxu burada yerləşir.
“Sirius” Rusiyada federal ərazi statusu verilmiş ilk və hələlik yeganə inzibati vahiddir. O, ayrıca federasiya subyekti də deyil, adi bələdiyyə də. Ərazinin idarəetmə orqanları federal, regional və yerli hakimiyyətin bəzi səlahiyyətlərini yerinə yetirir.
Rusiya hakimiyyəti “Sirius”un yaradılmasını istedadlı uşaqlar üçün təhsil mərkəzinin və Olimpiya infrastrukturunun inkişafı ilə əsaslandırıb. Ərazinin genişləndirilməsi və İmereti ovalığında yeni tikintilərin planlaşdırılması dəfələrlə yerli sakinlərin və ekoloqların etirazına səbəb olub.
Dron hücumları Rusiyanın 20 bölgəsini əhatə edib
Sentyabrın 4-nə keçən gecə dron hücumları Rusiyanın başqa bölgələrini də əhatə edib.
Rusiya Müdafiə Nazirliyi sentyabrın 3-ü saat 20:00-dan sentyabrın 4-ü saat 08:00-dək 490 Ukrayna dronunun vurulduğunu iddia edir. Nazirliyin məlumatına görə, dronlar 20 bölgə, ilhaq edilmiş Krım və Qara dəniz üzərində zərərsizləşdirilib (“İnterfaks”).
Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan 35 dronun vurulduğunu bildirib. Rostov vilayətinin rəhbərliyi altı rayonda 25-ə yaxın, Tula vilayətinin rəhbərliyi isə 17 dronun məhv edildiyini açıqlayıb.
Dron təhlükəsinə görə Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında, eləcə də Soçi, Samara, Ulyanovsk, Buqulma, Kazan, Nijnekamsk, Ufa, Orenburq, Maqnitoqorsk və Krasnodar hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.
Rusiya tərəfinin dronların sayı və hava hücumundan müdafiənin nəticələri barədə yaydığı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Rusiya Ukraynaya 1 raket və 121 dronla hücum edib
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya sentyabrın 3-ü saat 18:00-dan sentyabrın 4-ü səhərədək ölkə ərazisinə bir X-31P idarəolunan aviasiya raketi və 121 dronla hicum edib.
Hücumda “Şahed”, “Gerbera”, “Parodiya” və S8000 “Banderol” tipli dronlardan istifadə olunub. “Şahed”lərin təxminən yarısının reaktiv mühərriklə işlədiyi bildirilib.
Ukrayna tərəfi səhər saat 09:30-a olan məlumata görə, 103 dronu vurduğunu və ya elektron vasitələrlə zərərsizləşdirdiyini açıqlayıb. Raket və dronların 15 yerdə hədəfə dəydiyi, vurulan aparatların qalıqlarının isə daha altı yerə düşdüyü bildirilib. Həmin vaxt hücum hələ davam edirdi (Ukrayna Hərbi Hava Qüvvələri).
Odesa vilayətində yaşayış evləri, başqa tikililər və onlarla avtomobil zədələnib. Odesada doqquzmərtəbəli binanın altıncı, yeddinci və səkkizinci mərtəbələrinə ziyan dəyib. Bir nəfər həlak olub, azı beş nəfər, o cümlədən bir uşaq yaralanıb (“Suspilne”).
Kropivnitskidə dronlardan biri doqquzmərtəbəli yaşayış binasına dəyib. Binanın damında yanğın başlayıb. Daha iki yerdə – müəssisənin ərazisində və açıq sahədə də yanğın qeydə alınıb. Yaralanan bir nəfər xəstəxanaya yerləşdirilib (“Ukrainska Pravda”).
Zaporojyedə çoxmərtəbəli yaşayış binası zədələnib, mənzillərin pəncərələri və eyvanları dağılıb. Binada baş verən yanğın söndürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Sentyabrın 3-də Kiyevə gün ərzində endirilən zərbələr nəticəsində isə 13 nəfər, o cümlədən bir uşaq yaralanıb. Onlardan altısı xəstəxanaya yerləşdirilib (“İnterfaks-Ukrayna”).
“Politfm”



