Foto: “Sözcü”

 

 

Ankara Baş Prokurorluğu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu haqqında prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmə iddiasıyla araşdırma başladıb.

“Sözcü” nəşrinin məlumatına görə, araşdırmaya Davudoğlunun 2022-ci ilə aid çıxışından kəsilmiş bir parçanın sentyabrın 2-də sosial şəbəkələrdə yenidən yayılması səbəb olub.

Baş Prokurorluq bildirib ki, paylaşımlardakı ifadələri öz təşəbbüsü ilə araşdırıb və bundan sonra fəaliyyətini dayandırmış Gələcək Partiyasının keçmiş sədri Davudoğlu haqqında Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinin birinci bəndi üzrə araşdırma başladılıb. Həmin maddə prezidentin təhqir olunmasına görə məsuliyyət nəzərdə tutur.

Davudoğlu nə deyib?

Həmin videoda Davudoğlundan soruşulur ki, bu gün etiraz etdiyi məsələlərə niyə baş nazir olduğu vaxt qarşı çıxmayıb.
O, etiraz etdiyini və baş nazir vəzifəsini buna görə itirdiyini deyir. Əlavə edir ki, belə olmasaydı, ondan sonra vəzifəyə gəlmiş baş nazir və nazirlər kimi o da sərvətini artıra bilərdi.

Keçmiş baş nazir daha sonra Ərdoğanı və onun yaxın ətrafını nəzərdə tutaraq deyir:
“Onlara haram yeməyin dedim, amma yedilər. Öz ətraflarını varlandırdılar. Kürəkənini nazir qoydu, qohumlarını varlandırdı, Türkiyəni beş podratçıya peşkəş verdi”.

Türkiyə mediasının 2022-ci ilin aprel ayında yaydığı məlumatlara görə, bu sözlər Davudoğlunun Diyarbəkir səfəri zamanı bir sakinlə söhbətində səslənib. Həmin şəxs Davudoğlunu hökumətdə olduğu illərdə baş verənlərə vaxtında etiraz etməməkdə günahlandırmışdı (“OdaTV”).

Davudoğlun haqqında danışdığı kürəkən keçmiş xəzinə və maliyyə naziri Berat Albayraqdır.

Davudoğlu 2019-cu ildə Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılaraq Gələcək Partiyasını yaratmışdı. 2026-cı il iyulun 29-da isə fəal siyasətdən çəkildiyini açıqlayıb. Partiya avqustun 22-də keçirilən fövqəladə qurultayda fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.

“Politfm”