Foto: “i24NEWS”
İsrailin Baş naziri Benyamin Netanyahu İrandakı rejimi devirəcəklərini bəyan edib.
O, çərşənbə günü “i24NEWS” telekanalında bu barədə danışıb.
Verilişin aparıcısı Nave Dromi seçkilərdən sonra İran məsələsi ilə başqa bir baş nazirin məşğul ola biləcəyini xatırladıb, Netanyahu “Buna xalq qərar verəcək” deyə cavab verib.
Baş nazir İranı “səkkizayağın başı”, ona bağlı qüvvələri isə həmin səkkizayağın “qolları” adlandırıb:
“Məncə, bir məsələni anlamaq vacibdir. Mənim məqsədim sonda səkkizayağın başı olan İranla üz-üzə gəlmək, onun qollarını kəsmək və bu ‘Şər oxu’na zərbə vurub onu zəiflətmək idi. Biz bu məsələdə çox qətiyyətli davrandıq. Pilotlarımız İranda olublar və istənilən an yenidən orda ola bilərlər”.
Dromi Netanyahudan soruşub ki, İranla indiki gərginlik şəraitində İsrail pilotları istənilən an yenidən ora gedə bilərlərmi.
“Bəli, istənilən an. Biz bu rejimi məğlub edəcəyik” – Netanyahu suala belə cavab verib.
Aparıcı “Məğlub etmək nə deməkdir? Rejim çökəcəkmi?” deyə soruşub.
Netanyahu deyib ki, “Biz onu devirəcəyik. Onsuz da güclə ayaq üstə dayanır”.
Müsahibənin sonunda Dromi “Mossad”ın rəhbəri Roman Qofmanın da İrandakı rejimi devirmək üçün çalışıb-çalışmadığını soruşub.
“Bütün qurumlarımız mənim göstərişimlə bu rejimi devirmək və məğlub etmək üçün çalışırlar” deyə, Netanyahu cavab verib.
“Politfm”



