Rusiyanın hücumu nəticəsində dağıdılmış obyekt, Kiyev; 1 avqust 2026 (foto: Ukrayna Fövqəladə Hallar Xidməti)

 

 

Ukrayna ordusu avqustun 31-də və sentyabrın 1-nə keçən gecə Rusiya qüvvələrinin bir sıra hərbi obyektlərini vurduğunu bildirib. Eyni gecə Rusiya raket və pilotsuz uçuş aparatlarının birlikdə istifadə olunduğu kütləvi hava hücumu ilə Ukraynanın müxtəlif bölgələrini hədəf alıb.

Ukrayna hakimiyyətinin səhər saatlarında açıqladığı son məlumatlara görə, hücum nəticəsində 12 nəfər həlak olub, onlarla insan yaralanıb.

Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirib 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, zərbələr işğal altındakı ərazilərdə və Rusiya daxilində yerləşən bir sıra hərbi obyektlərə endirilib.

İşğal altındakı Donetsk şəhəri və Krımın Qvardeyske qəsəbəsində zərbə PUA-larının saxlandığı, hazırlandığı və buraxıldığı məntəqələrin vurulduğu bildirilir. Krımın Mirnoye qəsəbəsində rabitə qovşağı, Zaporojye vilayətinin Poloqi şəhərində komanda-müşahidə məntəqəsi, Luqansk vilayətinin Verxnekamenka kəndində isə hərbi texnikanın cəmləşdiyi ərazi hədəf alınıb.

Baş Qərargah həmçinin Rusiyanın Belqorod vilayətinin Borisovka qəsəbəsində yanacaq-sürtkü materialları anbarının vurulduğunu açıqlayıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Ukrayna tərəfi avqustun 30-da Oryol vilayətinin Tsımbulova kəndi yaxınlığında PUA buraxılış qurğusunun və dronların saxlandığı məntəqənin vurulduğunu da sonrakı məlumatların təhlili əsasında təsdiqlədiyini bildirib.

Rusiya Ukraynaya raket və PUA-larla hücum edib

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücuma avqustun 31-də saat 18:00-dan başlayıb. Əsas zərbə istiqamətləri Kiyev və Odessa bölgələri olub.
Rusiya qüvvələrinin hücum zamanı ballistik “İskander-M”, KN-23 və S-400 raketlərindən, “Tsirkon” gəmiəleyhinə raketlərindən, dənizdən buraxılan “Kalibr” qanadlı raketlərindən, X-31P radara qarşı raketlərdən və S8000 “Banderol” raketlərindən istifadə etdiyi bildirilir.

Bundan başqa, Ukraynaya 218 PUA buraxılıb. Bunların arasında “Şahed” zərbə dronları və “Parodiya” adlı imitasiya PUA-ları olub. “Şahed”lərin təxminən üçdə birinin reaktiv mühərriklə işlədiyi bildirilir.

Raketlər Rusiyanın Bryansk, Kursk, Voronej və Rostov vilayətlərindən, Novorossiysk ərazisindən, Qara və Azov dənizləri üzərindən buraxılıb. PUA-lar isə Kursk, Millerovo, Oryol və Primorsko-Axtarsk istiqamətlərindən, həmçinin işğal altındakı Donetsk və Krımdan havaya qaldırılıb. Ukrayna tərəfi hücumda istifadə olunan raketlərin ümumi sayını açıqlamayıb.

199 hava hədəfi zərərsizləşdirilib

Sentyabrın 1-də saat 08:30-a olan ilkin məlumata görə, Ukraynanın aviasiyası, zenit-raket bölmələri, radioelektron mübarizə vasitələri və mobil atıcı qrupları 199 hava hədəfini vurub və ya elektron vasitələrlə sıradan çıxarıb:

• 5 ballistik raket – “İsgəndər-M”, KN-23 və S-400;
• 5 “Kalibr” qanadlı raketi;
• 2 S8000 “Banderol” raketi;
• 187 müxtəlif tipli PUA.

Raket və PUA-ların 28 fərqli yerə dəydiyi, daha 10 ərazidə vurulmuş hədəflərin qalıqlarının düşdüyü bildirilir. Raketlərin bir hissəsi isə hədəfə çatmayıb.

Ölkə üzrə 12 nəfər həlak olub

Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, gecə hücumları nəticəsində ümumilikdə 12 nəfər həlak olub, onlarla insan yaralanıb. Ölənlərdən biri Hindistan vətəndaşıdır.
Həlak olanların 8-i Kiyevdə, 4-ü isə Kiyev vilayətinin Borispol şəhərində qeydə alınıb. Borispolda beşmərtəbəli yaşayış binası və bir neçə müəssisə zərər görüb, 50 sakin təxliyə edilib.

Kiyevin rəsmi şəhər portalının saat 11:42-yə olan məlumatında paytaxtda 8 nəfərin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilir.
Odessa vilayətində PUA və idarəolunan aviabomba zərbələri nəticəsində Rumıniya ilə sərhəddəki keçid məntəqəsi, ixrac infrastrukturu və digər obyektlər zədələnib. Minlərlə ailə işıqsız qalıb.

Kiyevdə dəmir yolu deposu vurulub

“Ukrayna Dəmir Yolları” şirkətinin idarə heyətinin sədri Oleksandr Pertsovskinin açıqladığı ilkin məlumata görə, ballistik raketlər Kiyevdə dəmir yolu deposunu və başqa dəmir yolu obyektlərini vurub.
Zərbə nəticəsində 7 nəfər həlak olub. Onlardan 6-sı dəmir yolu işçisidir. Daha bir əməkdaş yaralı halda xəstəxanaya yerləşdirilib. Depodakı sexlərdən biri tamamilə dağılıb, ərazidə bir neçə yanğın baş verib. Onlarla işçi sığınacağa vaxtında çataraq xilas olub.

Zərbədən sonra dəmir yolunun iki hissəsində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Sonradan hərəkət bərpa edilib. Yanğınların söndürülməsi və zədələnmiş infrastrukturun bərpası davam edir.

“Politfm”