G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı, Eşvill, Şimali Karolina, 31 avqust 2026-cı il (foto:”Reuters”)

 

 

ABŞ-nin Rusiyanı yenidən G20 toplantısına dəvət etməsi Avropa ölkələrinin narazılığına səbəb olub. Rusiyanın maliyyə naziri Anton Siluanovun toplantıya şəxsən qatılması və amerikalı həmkarı ilə ayrıca görüşməsi Moskvanın siyasi təcridinin zəiflədilməsi kimi qiymətləndirilib.

“Reuters”-in məlumatına görə, hadisə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ABŞ-nin Şimali Karolina ştatının Eşvill şəhərində keçirilən ikigünlük toplantısında baş verib.

Siluanov Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra G20-nin bu səviyyəli toplantısına şəxsən qatılan ilk yüksək vəzifəli rusiyalı rəsmidir. Onun iclas zalında görünməsi bəzi avropalı nazirlər üçün gözlənilməz olub və narazılıqla qarşılanıb.

Polşanın maliyyə naziri Anjey Domanski Rusiyanın toplantıda təmsil olunmasından məmnun olmadığını bildirib:

“Biz Rusiyaya etibar etmirik. Onlar daim yalan danışırlar. Rusiya ilə danışarkən son dərəcə ehtiyatlı olmaq lazımdır”.

Domanski Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar tərəf olduğunu vurğulayaraq Moskva ilə hər hansı dialoqun onun üçün çətin olduğunu deyib.

Bessent Siluanovla təkbətək görüşüb

ABŞ-nin maliyyə naziri Skott Bessent toplantı çərçivəsində Anton Siluanovla ikitərəfli görüş keçirib. Rusiya Maliyyə Nazirliyi görüşdə G20 çərçivəsində maliyyə əməkdaşlığının müzakirə olunduğunu açıqlayıb.
ABŞ rəsmisinin sözlərinə görəsə, danışıqların əsas mövzusu ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı planı olub. Görüşün məzmunu ilə tanış olan mənbə bildirib ki, Bessent müharibə başa çatmadan Rusiyaya iqtisadi güzəştlərin edilməyəcəyini və başqa sahələrdə razılaşmaların mümkün olmadığını Siluanovun diqqətinə çatdırıb.

Bununla belə, Avropa ölkələri rusiyalı nazirin toplantıya dəvət olunmasını Moskvaya münasibətin dəyişdiyi kimi qiymətləndiriblər.
Almaniyanın maliyyə naziri Lars Klinqbeyl bildirib ki, Avropa Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayır. Onun fikrincə, belə bir vaxtda Siluanovun G20 toplantısına qatılması ABŞ-nin sanksiya siyasətinə dəstəyi ilə bağlı narahatedici suallar doğurur.
“İstərdim ki, Amerika tərəfi onun burada adi qonaq kimi qarşılanmamalı olduğunu daha aydın göstərsin” – Klinqbeyl belə deyib.

Avropalı rəsmilər G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ənənəvi birgə fotosunda Siluanovla yanaşı dayanmaqdan da imtina ediblər. Nəticədə foto rusiyalı nazir olmadan çəkilib.

2022-ci ildə rusiyalı nümayəndənin çıxışı zamanı zalı tərk etmişdilər
Siluanovun indiki toplantıda qəbul edilməsi 2022-ci ildəki münasibətdən kəskin şəkildə fərqlənir.

Həmin ilin aprelində rusiyalı nümayəndənin G20 toplantısına hətta videobağlantı vasitəsilə qoşulması da etiraz doğurmuşdu. Rusiyalı rəsminin çıxışı başlayanda ABŞ, Böyük Britaniya və Kanada rəsmiləri, eləcə də Avropa Mərkəzi Bankının nümayəndələri zalı tərk etmişdilər.
Rusiya G20 üzvlüyündən formal olaraq çıxarılmayıb. Ancaq Ukraynaya hücumdan sonra onun yüksək səviyyəli nümayəndələri bu formatda keçirilən görüşlərdə siyasi təcridlə üzləşirdi. Siluanovun ABŞ-də qəbul edilməsi və Bessentlə ayrıca görüşü həmin təcridin tədricən yumşala biləcəyinə işarə edir.

Jurnalistlərin toplantıya buraxılmaması da narazılıq doğurub

Görüşdə mübahisə yaradan digər məsələ bəzi jurnalistlərə akkreditasiya verilməməsi olub. ABŞ Maliyyə Nazirliyi “Bloomberg”-in xəbər qrupunu, həmçinin “The New York Times” və “The Wall Street Journal” nəşrinin bəzi əməkdaşlarını toplantıya buraxmayıb.

Almaniyanın maliyyə naziri bu qərarı qəbuledilməz adlandırıb və medianın G20 toplantısını sərbəst işıqlandırmaq hüququnun olduğunu bildirib.
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi isə toplantını 300-dən çox media əməkdaşının izlədiyini deyib. Nazirlik akkreditasiyanın jurnalistlərdən məlumatları faktlara və peşə standartlarına uyğun yaymaq məsuliyyəti tələb etdiyini bildirib.

G20-nin əsas gündəliyi arxa plana keçib

Rusiyanın toplantıya qaytarılması və jurnalistlərə qoyulan məhdudiyyətlər ABŞ-nin irəli sürmək istədiyi iqtisadi məsələləri müəyyən qədər arxa plana keçirib.
Skott Bessent toplantıda bildirib ki, dünya iqtisadiyyatının borc yükündən çıxmasının ən yaxşı yolu iqtisadi artımdır. Qlobal borcun 2026-cı ildə rekord həddə – təxminən 353 trilyon dollara çatdığı qeyd olunur.

Vaşinqton iqtisadi artım üçün tənzimləmələrin azaldılmasını, enerji istehsalının genişləndirilməsini, özəl sərmayələrin və innovasiyaların təşviqini təklif edir. ABŞ həmçinin G20 ölkələrini Çinlə ticarət münasibətlərinə yenidən baxmağa çağırmağa hazırlaşır. Bessent Çinin 1,2 trilyon dollarlıq ticarət profisitinin dünya iqtisadiyyatı üçün qəbuledilməz olduğunu deyib və Pekinin ixracdan asılılığı azaltmalı, daxili istehlakı gücləndirməli olduğunu bildirib.

Amma Eşvill toplantısında əsas siyasi müzakirə iqtisadi artımdan çox Rusiyaya münasibət ətrafında formalaşıb. ABŞ Moskva ilə yüksək səviyyəli təması bərpa etməyə başlayır, Avropa isə Rusiyanın müharibə bitmədən yenidən adi tərəfdaş kimi qəbul olunmasına qarşı çıxır.

“Politfm”