Foto: internet
2026-cı ilin ilin iyul ayının 1-nə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 99 min 979 nəfər olub – ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 335 nəfər və ya 0,3% az.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə təyin olunmuş pensiyaların orta aylıq məbləği 594,4 manat olub. Bu, illik müqayisədə 56,3 manat və ya 10,5% çoxdur. Ötən ilin eyni dövründə pensiyaların orta məbləği 538,1 manat idi.
Yaşa görə pensiyanın orta aylıq məbləği 632,3 manat, əlilliyə görə pensiyanın məbləği 481 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləği isə 599 manat olub. Orta pensiya ölkədəki orta aylıq əməkhaqqının 50,6 faizinə bərabərdir. Ötən ilin eyni dövründə bu nisbət 49 faiz idi.
Pensiyaçıların ölkə əhalisindəki payı da azalıb. 2025-ci il iyulun 1-də ölkə əhalisinin 10,8 faizi pensiyaçı olduğu halda, bu il həmin göstərici təxminən 10,7 faiz təşkil edib.
Azalma bütün ölkə üzrə eyni olmayıb. Bakıda pensiyaçıların sayı bir il ərzində 392 min 195 nəfərdən 397 min 67 nəfərə yüksəlib. Beləliklə, paytaxtda pensiyaçıların sayı 4 min 872 nəfər və ya 1,2 faiz artıb. Bakıdan kənardakı ərazilərin ümumi göstəricisi üzrə isə pensiyaçıların sayı 8 min 207 nəfər azalıb.
Saşa görə sosial müavinət alanların sayında isə artım var. 2025-ci il iyulun 1-də bu müavinəti 166 min 178 nəfər, 2026-cı ilin eyni tarixində isə 176 min 398 nəfər alıb. Artım 10 min 220 nəfər və ya 6,1 faizdir. DSMF-nin məlumatına görə,yaşa görə əmək pensiyası almaq hüququ olmayan və işləməyən 65 yaşlı şəxslərə aylıq 220 manat müavinət verilir.
Hesabatda bu müddətdə neçə nəfərə yeni pensiya təyin edildiyi, neçə pensiyaçının qeydiyyatdan çıxarıldığı və bunun hansı səbəblərlə baş verdiyi birlikdə açıqlanmayıb.
Pensiyaçıların sayının azalmasına baxmayaraq pensiya xərcləri artıb. 2026-cı ilin ilk yarısında pensiyaların ödənilməsinə 3 milyard 916 milyon manat yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 368 milyon manat və ya təxminən 10 faiz çoxdur.
“Politfm”



