Afipsk Neft Emalı Zavodu 

 

 

Ukrayna Silahlı Qüvvələri dünən gecə Rusiya ərazilərinə dron zərbələri endirib.
Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrində, Rusiya tərəfindən işğal olunmuş Krımda, eləcə də Azov və Qara dənizləri üzərində Ukraynaya məxsus olduğu bildirilən 148 PUA-nın vurulduğunu açıqlayıb.

Bu barədə BBC məlumat yayıb.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hücumdan sonra Afipski Neft Emalı Zavodunda yanğın baş verib. Yaxınlıqdakı Afipski dəmir yolu stansiyasına PUA qalıqlarının düşməsi nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Rostov vilayətindəki Novoşaxtinsk Neft Emalı Zavoduna da ziyan dəyib. Vilayət rəhbərliyinin məlumatına görə, zavod fəaliyyətini müvəqqəti dayandırıb. Burada ölən və yaralananların olmadığı bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Afipskidəki zavoda hücumu təsdiqləyib.
Rusiya isə həm raket, həm də dronlarla Ukraynaya genişmiqyaslı hücum edib. Eyni gecə Rusiyanın müxtəlif bölgələri də PUA hücumlarına məruz qalıb. Yerli rəsmilərin açıqlamalarına görə, hər iki ölkədə ümumilikdə azı beş nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı bir “İsgəndər-M” ballistik raketindən, bir X-31P tipli aviasiya raketindən və müxtəlif növ 150 PUA-dan istifadə edib. Ukrayna tərəfi PUA-lardan 124-nün vurulduğunu və ya radioelektron vasitələrlə zərərsizləşdirildiyini bildirib. Zərbələr 17 məkanda qeydə alınıb, daha yeddi yerə isə vurulan qurğuların qalıqları düşüb.

Xarkovun Osnovyanski rayonundakı sənaye zonasına endirilən raket zərbəsi nəticəsində bir nəfər ölüb. Zaporojyedə isə idarəolunan aviabombalarla həyata keçirilən hücum nəticəsində iki nəfərin öldüyü bildirilir. Zərbələr yola ziyan vurub, açıq ərazidə yanğına səbəb olub.

Kiyevdə vurulan PUA-nın qalıqları 16 mərtəbəli yaşayış binasına düşüb. Binanın 14-cü mərtəbəsində divarlar və pəncərələr zədələnib. Bir qadına tibbi yardım göstərilib.

“Politfm”