Berlinin Mitte rayonundakı temperatur lövhəsində havanın temperaturunun 41 dərəcə Selsi olduğu göstərilir (foto: “Reuters”)



Bu il Almaniyada isti havayla əlaqəli 5 120 ölüm halı qeydə alınıb.

Bu barədə Robert Kox adına İctimai Səhiyyə İnstitutuna (RKI) istinadən “Reuters” agentliyi məlumat yayıb.

İnstitutun qiymətləndirməsinə görə, ölüm hallarının böyük hissəsi iyunun sonlarında, həftəlik orta temperaturun 20 dərəcə Selsidən xeyli yüksək olduğu dövrdə baş verib.

RKI-nin həftəlik hesabatında bildirilir ki, ölənlərin təxminən 4 270 nəfəri 75 və daha yuxarı yaş qrupuna aid olub. Ölənlər arasında qadınların sayı kişilərdən çox olub. Bu, ən yaşlı əhali qrupunda qadınların üstünlük təşkil etməsiylə izah edilir.

Almaniyadakı göstəricilər Avropada müşahidə olunan ümumi mənzərəni daha da ağırlaşdırır. Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti cümə axşamı yaydığı aylıq bülletendə Qərbi Avropada iqlimi müşahidə tarixinin ən isti iyun ayının qeydə alındığını açıqlayıb.

Bildirilir ki, regionda iyun ayı üzrə orta temperatur 20,74 dərəcə Selsi olub.
Milli qurumların aşıqlamalarına görə, iyunun 20-dən 28-dək davam edən anomal istilər zamanı Fransa, Belçika, İspaniya və Niderlandda ümumilikdə 4 700-dən çox izafi ölüm halı qeydə alınıb.

“Politfm”