Foto: “Photolur”

 

 

Azərbaycanla Ermənistan arasında 13 kilometrə yaxın dövlət sərhədi delimitasiya edilib, həmin ərazilərdə demarkasiya işləri də görülüb.

Xarici işlər naziri Ceyhun Bayramov bunu jurnalistlərə bugünkü açıqlamasında deyib.
O bildirib ki, delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək, eksklav kəndlər məsələsi də öz həllini tapacaq (APA).

Bayramov rəsmi Bakının prosesdən əsas gözləntisini də açıqlayıb:
“Biz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını gözləyirik. Sülh sazişi bundan sonra imzalana bilər”.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə Bayramovun dediklərinə cavab verib, qeyd edib ki, Ermənistanın yeni konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq. Delimitasiya və ekzklavlar məsələsi isə birmənalı olaraq Alma-Ata Bəyannaməsi əsasında həll ediləcək.

Baş nazir vurğulayıb ki, konstitusiya islahatları hakim partiyanın seçkiqabağı proqramının tərkib hissəsidir və seçkilərdə bunu 726 min vətəndaş dəstəkləyib.

Paşinyan layihənin dərcinin gecikmə səbəbini belə izah edib:

“Müzakirələr zamanı Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyəti üzvlərindən çoxsaylı təkliflər daxil olmuşdu. Seçkilər ərəfəsində bunları sakit iş şəraitində müzakirə edə bilməyəcəyimizi anladıq, komanda daxilindəki variantı lazımi təhlil olmadan dərc etməmək üçün prosesi seçkidən sonrakı dövrə keçirmək qərarına gəldik. Hazırda təkliflərin verilmə müddəti başa çatıb, onlar müzakirə olunub, sadəcə sonuncu bənd üzrə qərar qəbul etmək qalır. Dəqiq vaxt deməyəcəm, amma ilin sonunadək mətni mütləq dərc edəcəyik”.

“Politfm”