Foto: internet
Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları və digər inzibati hüquq pozmalarla bağlı 2026-ci ilin birinci yarım ili ərzində ümumilikdə 9757 qərar qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Barəsində inzibati qərar qəbul edilmiş əcnəbilərin 4852 nəfəri Dövlət Miqrasiya Xidmətinin tədbirləri çərçivəsində saxlanılıb.
Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşadığı, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun gəlməyən fəaliyyətlə məşğul olduğu, qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.
Miqrasiya qanunvericiliyini pozan 850 əcnəbi inzibati qaydada Azərbaycan hüdudlarından kənara çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.
Bu dövr ərzində ölkədə qanunsuz miqrasiyanın təşkilinə dair 4 hal aşkar edilib. Əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinə gətirilmələri, ölkə ərazisində qanunsuz yollarla iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələriylə təmin edilmələri üçün cəhdlər edildiyi müəyyən olunub. Həmin hallar üzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
“Politfm”



