Foto: “fakty.com.ua”


Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələri son günlərdə Rusiyanın hərbi və logistik infrastrukturuna qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

“Ukrainskaya pravda” bu barədə qurumun komandanı Robert Brovdiyə (“Madyar”) istinadən məlumat yayıb.

Bildirilir ki, iyulun 7-dən 8-nə keçən gecə Azov dənizində Rusiyanın “kölgə donanması”na aid daha 9 tanker uğurla hədəf alınıb (“Ukrainskaya pravda”).

Son 72 saat ərzində həyata keçirilən silsilə əməliyyatlar nəticəsində Rusiyaya məxsus ümumilikdə 21 gəminin sıradan çıxarıldığı qeyd olunub. Bu itkilərə “kölgə donanması”nın 19 tankeri, 1 yük gəmisi, Kerç boğazında fəaliyyət göstərən 1 bərə daxildir.

Nəşrin yazdığına görə, işğal altındakı Krım yarımadasında və Rusiyanın nəzarətindəki digər cənub ərazilərində yerləşən 53 hərbi hədəfə ötən gecə sarsıdıcı dron zərbələri endirilib.

Ukrayna ordusu Rusiyanın enerji infrastrukturunu da hədəfə almağa davam edib. Brovdi son sutkada daha 6 elektrik yarımstansiyasının vurulduğunu, 1-8 iyul tarixlərini əhatə edən “Krım keçidi” adlı xüsusi əməliyyat çərçivəsində isə 50 enerji obyektinin sıradan çıxarıldığını açıqlayıb.

Məlumatlı mənbələr əvvəlki günlərdə də intensiv əməliyyatlar keçirildiyini təsdiqləyirlər: iyulun 6-dan 7-nə keçən gecə “Madyarın quşları” xüsusi bölməsi Azov dənizində Rusiyanın 8 tankerini zərərsizləşdirib.

Nəşr yazır ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlı qüvvələrinə məxsus dronlar strateji əhəmiyyətli Cankoy aviabazasına, Kerçdəki “Port Krım” dəniz infrastrukturuna, həmçinin Rusiya ordusunun Donetsk vilayətində yerləşən dron bölmələrinə və hərbi sursat anbarlarına genişmiqyaslı zərbələr endirib.

Ekspertlər bu hücumların Rusiyanın Qara dəniz və Azov dənizindəki logistik imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirirlər.

 

“Politfm”