Foto: “Reuters”

 


Dünən Türkiyənin paytaxtı Ankarada, İstanbulda, İzmirdə, Samsunda, Çanaqqalada və ölkənin digər şəhərlərində NATO sammitinə qarşı aksiyalar keçirilib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, İstanbulda iki böyük aksiyası keçirilib: biri Türkiyə Kommunist Partiyası tərəfindən Taksim meydanı ətrafında təşkil olunub, digəri isə Türk Gənclər Birliyi, Vətən Partiyası və digər təşkilatların fəallarının Üsküdarda keçirdiyi yürüş olub.

Agentlik yazır ki, nümayişçilər Türkiyənin NATO-dan çıxmasını və alyansın ölkədəki hərbi bazalardan istifadə etməsinə imkan verilməməsini tələb edən plakatlar qaldırıblar. Aksiya iştirakçıları imperializmi pisləyiblər.

Ankarada polisin 100-dən çox şəxsi saxladığı, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu bildirilir (BBC). Hakimiyyət orqanları sammit ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndiriblər. Fəallar isə bunu antiterror reydləri bəhanəsi ilə həyata keçirilən repressiyalar kimi qiymətləndirirlər. Məlumata görə, son bir ay ərzində onlarla şəxs, o cümlədən alimlər və jurnalistlər saxlanılıb.

NATO sammiti iyulun 7–8-də Ankarada keçiriləcək. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, görüşdə hərbi xərclərin artırılması, alyansın müdafiə və çəkindirmə imkanlarının gücləndirilməsi tədbirləri, mövcud təhdid və risklər, eləcə də Ukraynadakı vəziyyət və NATO-nun “cənub cinahı”nda baş verən son hadisələr müzakirə olunacaq.

“Politfm”