Foto:  “Экономическая правда”

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə nazirliyinin Mətbuat xidmətindən məlumat verilib (APA).
Bildirilib ki, görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə nota təqdim edilib.

Rusiya qüvvələri Ukraynanın Nikolayev vilayətindəki Neçayane kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə iki dəfə zərbə endiriblər.

Bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

Nəşrin yazdığına görə, ilk zərbə saat 19:16-da, ikinci zərbə isə saat 19:33-də “Şahed” tipli pilotsuz uçuş aparatı ilə endirilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyasına və Odessadakı neft bazasına hücumlar da daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırladılıb.

Qeyd olunub ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq belə halların davam etməsi hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət edir.

Görüşdə həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü hava zərbələrinə diqqət yönəldilib, Vyana konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

XİN Rusiya tərəfini qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

 

“Politfm”