Foto: “Reuters”

 


ABŞ Hörmüz boğazı yaxınlığında, Omanın ərazi sularında üç ticarət gəmisinə hücumlara cavab olaraq İrana qarşı yeni silsilə zərbələr endirib. Bununla yanaşı, Vaşinqton Tehrana neft satışına imkan verən lisenziyanı da ləğv edib. Cavab olaraq İran Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.

Beləliklə, kövrək atəşkəs yenidən təhlükə altına düşüb. Bu hadisələr ABŞ prezidentinin Türkiyədə keçirilən NATO sammiti çərçivəsində dünya liderləri ilə görüşləri fonunda baş verir.

ABŞ və İran bir həftəlik fasilədən sonra qarşılıqlı hücumları yenidən bərpa edərək bir-birinə yeni silsilə zərbələr endiriblər (BBC).

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) səhər saatlarında (ABŞ vaxtıyla axşamı) açıqlayıb ki, iyulun 7-dən 8-nə keçən gecə Amerika hərbçiləri beynəlxalq sularda ticarət gəmilərinə qarşı yeni hücumlara cavab olaraq İrana qarşı “güclü” zərbələr həyata keçiriblər.

Bir neçə saat sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki ABŞ hərbi bazalarına cavab zərbələri endirdiyini bəyan edib. Bildirilib ki, hücumların hədəfi Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının məsuliyyət zonasında yerləşən Salman limanındakı 85 hərbi obyekt, eləcə də Küveytdəki “Əli əl-Salem” aviabazası olub.

ABŞ-nin zərbələri

ABŞ rəsmilərinin bəyanatına görə, gecə həyata keçirilən zərbələr İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olub.
“İranın nümayiş etdirdiyi aqressiya əsassız, təhlükəli və atəşkəs rejiminin açıq şəkildə pozulması deməkdir” – bəyanatda belə deyilir.

Bazar ertəsi Hörmüz boğazında bir tanker, çərşənbə axşamı isə daha iki tanker hücuma məruz qalıb. Qətər İranı mayeləşdirilmiş təbii qaz daşıyan tankeri vurmaqda ittiham edib. Gəminin maşın şöbəsində yanğın baş verib, ekipaj təxliyə olunub.

“Reuters” agentliyinə danışan mənbələrin bildirdiyinə görə, yanğın partlayışa səbəb ola bilərdi. Bundan başqa, Oman sahillərində Səudiyyə Ərəbistanı bayrağı altında üzən bir tankerin də zədələndiyi barədə məlumat yayılıb. Tehran hücumlara görə məsuliyyəti üzərinə götürməyib.
“Reuters” və “Axios”-un ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Amerikanın cavab zərbələri İranın hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə məntəqələrini, zenit və qanadlı raketlərini, pilotsuz uçuş aparatlarının buraxılış qurğularını, həmçinin liman infrastrukturunu hədəf alıb.

Daha sonra CENTCOM yeni əməliyyatın başa çatdığını və 80-dən çox hədəfin məhv edildiyini açıqlayıb. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, komanda idarəetmə məntəqələri, sahil radar stansiyaları, gəmiəleyhinə raket kompleksləri və SEPAH-a məxsus sürətli katerlər olub.

“Axios”-a danışan mənbənin sözlərinə görə, budəfəki zərbələr iyunun sonunda həyata keçirilən hücumlardan dörd-beş dəfə daha genişmiqyaslı və daha güclü olub. CNN-ə danışan mənbə isə əməliyyatı “cəza tədbiri” adlandıraraq bunun “tezliklə başa çatmayacağını” bildirib.

Gərginlik yenidən artır

“Axios” qeyd edir ki, qarşılıqlı hücumlar iki ölkə prezidentləri arasında üç həftədən də az əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumunu təhlükə altına salaraq ABŞ və İranı yeni cavab zərbələri mərhələsinə sürükləyə bilər.
Nəşrin məlumatına görə, Türkiyədəki NATO sammitində olan ABŞ prezidenti Donald Tramp İrana zərbə planını təsdiqləyib və onun icrası barədə göstəriş verib.

İran dövlət mediası Bəndər-Abbas və Sirik liman şəhərlərində, həmçinin Qeşm adasında partlayışların baş verdiyini bildirib. Mülki əhali arasında ölənlərin olduğu barədə məlumat verilməyib. İran dövlət televiziyasının müxbirinin sözlərinə görə, Sirikdə kommersiya körpüsünə mərmi düşməsi nəticəsində bir neçə nəfər qəlpə yarası alıb.

İran KİV-lərinin məlumatına əsasən, Sirik və Bəndər-Abbasdakı balıqçılıq körpüləri də zərbələrə məruz qalıb, bir neçə balıqçı gəmisi yanıb. Dövlət televiziyası IRIB ehtimal edir ki, Bəndər-Abbasda telekommunikasiya qülləsi də hədəflərdən biri olub.
“Press TV” isə İranın neft ixracının əsas mərkəzlərindən olan Xark adasında bir neçə partlayış səsi eşidildiyini, həmçinin Qeşm adasında yeni partlayışların baş verdiyini bildirib.

Neft sanksiyaları yenidən sərtləşdirilib

Çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyi İrana neft satmağa imkan verən sanksiya istisnalarının ləğv edildiyini açıqlayıb.
İran Xarici İşlər Nazirliyi bu qərarı qarşılıqlı anlaşma memorandumunun şərtlərinin pozulması kimi qiymətləndirib.

“Reuters”-in məlumatına görə, ABŞ-nin bu addımından sonra dünya bazarında neftin qiyməti 3 faizdən çox artıb.

İranın baş danışıqçısı Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkəsində yazıb ki, neft sanksiyalarının bərpası, İranın cənubuna hücumlar və yeni zərbələrlə bağlı təhdidlər Tehranın mövqeyini dəyişməyəcək:
“Qorxutmaq və şantaj dövrü başa çatıb. Bu üsullar nəticə verməyəcək. Biz geri çəkilməyəcəyik”.

“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı isə bəyan edib ki, İran Silahlı Qüvvələri “aqressiyaya sarsıdıcı cavab verəcək” və “heç bir şəraitdə Hörmüz boğazının idarə edilməsinə kənar müdaxiləyə imkan verməyəcək”.

İranın zərbələri

Küveyt ordusu bu gün səhər İranın raket və dron zərbələrinin hava hücumundan müdafiə sistemləri vasitəsilə dəf etdiyini açıqlayıb.
“Axios”-un jurnalisti Barak Ravid “X” platformasında yazıb ki, İran hərbçiləri Bəhreyn istiqamətinə də pilotsuz uçuş aparatları buraxıblar.

ABŞ və İran arasında müharibə iyunda əldə edilmiş müvəqqəti sülh razılaşması nəticəsində dayandırılmışdı. Həmin razılaşma tərəflərə daimi saziş üzrə danışıqlar aparmaq üçün 60 günlük müddət nəzərdə tuturdu.

Amma ötən həftə Qətərdə keçirilən dolayı danışıqlar ciddi nəticə vermədən başa çatıb. Xüsusilə də Hörmüz boğazının gələcək statusuyla bağlı məsələlərdə tərəflər arasında irəliləyiş əldə olunmayıb.

“Politfm”