Foto: İran Ali Liderinin Ofisi/ “Reuters”



İranın ABŞ və İsrailin hava zərbələri nəticəsində qətlə yetirilmiş ali dini lider Ayətullah Əli Xamenei ilə vidalaşmaq üçün bu gün Tehran küçələrinə onminlərlə insan çıxıb.

Dövlət televiziyasında Tehranın mərkəzindəki bulvara toplaşmış böyük kütlənin dron görüntüləri yayımlanıb.

Qətlə yetirilmiş liderin və onun dörd ailə üzvünün tabutları böyük bir yük maşınıyla küçələrdən keçiriləndə yürüş iştirakçılarını sərinlətmək üçün onların üzərinə yanğınsöndürən şlanqlarla yuxarıdan su çilənib (“Reuters”).

İzdiham körpünün altından keçəndə üzərində ABŞ Prezidenti Donald Trampın başını nişan alan güllə təsvir olunmuş bilborda daşlar atılıb. Bilbordun üzərində “Atamızı ABŞ öldürdü. Sizi rahat buraxmayacağıq!” sözləri yazılıb.

Nümayişçilər ABŞ və Böyük Britaniya bayraqlarını yandırıblar, qara çadralı qadınlar üzərində ingilis dilində “KILL TRUMP” (“Trampı öldürün”) yazılmış plakatlar qaldırıblar.
İnsanların əlində Trampın, vitse-prezident Cey Di Vensin, müdafiə naziri Pit Heqsetin və İsrailin Baş naziri Benyamin Netanyahunun nişangahda təsvir edildikləri posterlər olub.

Müctəba Xamenei haradadır?

Matəm mərasimi Xameneinin, onun qızının, 14 aylıq nəvəsinin, kürəkənlərindən birinin və onun yerinə ali dini lider seçilmiş oğlu Müctəba Xameneinin həyat yoldaşının tabutlarının nəhəng namazgahdakı vida zalına qoyulmasıyla başlayıb.

Xameneinin üç oğlu atalarının tabutu önündə dua edib. Amma Müctəba Xamenei mərasimə qatılmayıb.

Atasının ölümünə səbəb olan hücum zamanı yaralandığı və eybəcər hala düşdüyü deyilən  Xamenei fevralın 28-dən – İsrail və ABŞ-nin İrana hava zərbələri başlayan gündən bəri ictimaiyyət qarşısına çıxmayıb.

Müharibə bitdi, amma siyasi gərginlik qalır

Müharibə keçən ay əldə edilmiş və İranın dini rəhbərliyini hakimiyyətdə saxlayan ilkin sülh sazişiylə başa çatıb. Tehran rəhbərliyi Hörmüz boğazındakı qlobal enerji təchizatına nəzarəti ələ keçirməklə qələbə çaldığını iddia edir.
Donald Trampsa ABŞ-nin qalib gəldiyini bildirir. Amma o, başlanğıcda qarşıya qoyduğu məqsədlərə hələ ki nail olmayıb.

Tramp həftəsonu verdiyi açıqlamada İranla sülh danışıqlarının dəfn mərasimləri səbəbindən bir həftə təxirə salındığını bildirib.

İsrailin müdafiə naziri İzrael Kats bu gün deyib ki, Xamenei İsraili məhv etmək proqramına rəhbərlik etdiyi üçün öldürülüb.
“İsraili məhv etmək planlarını yenidən həyata keçirməyə çalışan hər bir İran lideri eyni şəkildə öldürüləcək” deyə, Kats bildirib.

 

“Politfm”