Foto: “president.gov.by”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə hərbçilərini Ukraynadakı müharibəyə göndərməməyə söz verib. O bunu ali hərbi təhsil müəssisələrinin məzunlarını və yüksək zabit heyətini təltifetmə mərasimində çıxışı zamanı deyib.

“Bir daha vurğulayıram, hörmətli yoldaşlar, sizi heç kim həmin qırğına göndərməyəcək. Bizə müharibə lazım deyil. Ukraynada müharibənin getməsi pis haldır. Biz məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq” – Lukaşenko belə deiyib (“The Moscow Times”).

Onun sözlərinə görə, Ukraynadakı müharibənin uzanmasında maraqlı olan beynəlxalq “müharibə partiyası” mövcuddur. Lukaşenko bu “partiya”nın nümayəndələri arasında Avropa İttifaqını göstərərək bildirib ki, qurum “açıq şəkildə militarizasiya kursu götürüb”.

“Zərbə və hücum xarakterli silahların alınmasına milyardlarla vəsait xərclənir. Eyni zamanda, guya “şərqdən gələn təhlükə” ətrafında absurd isterika qızışdırılır” deyə, Belarus prezidenti əlavə edib.

Bundan başqa, Lukaşenko Belarusa qarşı “hibrid müharibə”nin davam etdiyini iddia edib. Onun sözlərinə görə, bu müharibədə “iqtisadi diktat”dan, eləcə də “siyasi və informasiya təzyiqlərindən” istifadə olunur.

“Politfm”