Aqil Əli Məhərrəm

 


Bir ölkənin səhiyyə sistemini qiymətləndirmək üçün bəzən rəsmi hesabatlara baxmaq kifayət etmir. Real vəziyyəti sosial şəbəkələr statistikadan daha aydın göstərir.

Azərbaycan seqmentində bir neçə dəqiqə keçirmək kifayətdir ki, xəstə uşaqların videolarına, yardım istəyən valideynlərə və müalicə üçün pul toplayan ailələrə rast gələsən. Bir ana övladının əməliyyatı üçün kömək istəyir, bir ata bahalı dərman almaq üçün ianə toplamağa çalışır, başqa bir ailə isə xaricdə müalicə xərclərini qarşılamaq üçün ictimaiyyətə müraciət edir.

Bu mənzərə artıq o qədər adiləşib ki, cəmiyyətin əksər hissəsi onu gündəlik həyatın ayrılmaz parçası kimi qəbul etməyə başlayıb. Halbuki normal şəraitdə ağır xəstəlik diaqnozu alan ailənin ilk ümidi sosial şəbəkələr, yardım kampaniyaları və ya xeyriyyə fondları yox, dövlətin səhiyyə sistemi olmalıdır.

Bəs Azərbaycanda niyə əksinədir?

Azərbaycan son illərdə səhiyyə sahəsində ciddi islahatlar həyata keçirib. İcbari Tibbi Sığorta sistemi tətbiq olunub, xidmətlər zərfi genişləndirilib, yeni xəstəxanalar tikilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırda xidmətlər zərfinə 3300-dən çox tibbi xidmət daxildir. Təkcə 2025-ci ilin ilk yarısında 3,6 milyondan çox vətəndaş sistemdən yararlanıb və tibbi müraciətlərin sayı 12 milyonu ötüb.

Kağız üzərində bu rəqəmlər kifayət qədər uğurlu görünür.
Lakin sosial şəbəkələrdə hər gün qarşımıza çıxan yardım kampaniyaları göstərir ki, sistem bütün problemləri əhatə edə bilmir.

Ən çox yardım toplanan xəstəliklər sırasında onurğa əzələ atrofiyası (SMA), müxtəlif genetik xəstəliklər, bəzi onkoloji xəstəliklər, transplantasiya əməliyyatları, xaricdə aparılmalı olan mürəkkəb cərrahi müdaxilələr və uzunmüddətli reabilitasiya proqramları dayanır. Bu müalicələrin xərci bəzən on minlərlə, hətta yüz minlərlə manata çatır.
Orta statistik Azərbaycan ailəsinin belə məbləğləri toplamaq imkanı yoxdur.
Nəticədə insanlar dövlətə yox, xalqa müraciət etməyə başlayırlar.

Bu isə əhalinin xəstəliklərlə mübarizəsində acınacaqlı və təhlükəli bir vəziyyət yaradır. Müalicə hüququ tədricən lotereyaya çevrilir. Kimin hekayəsi daha çox insanı təsirləndirirsə, kimin videosu daha çox paylaşılırsa, onun yardım toplamaq şansı artır. Digərləri isə görünməz qalır.

Halbuki insanın yaşamaq hüququ sosial şəbəkə alqoritmlərindən asılı olmamalıdır.
Problem yalnız maliyyə də deyil.
Problem həm də şəffaflıq və etimad məsələsidir.

Vətəndaş bilməlidir ki, hansı xəstəliklər dövlət hesabına müalicə olunur, hansılar olunmur və niyə olunmur. Hansı hallarda xaricdə müalicə maliyyələşdirilə bilər? Nadir xəstəliklər üçün ayrıca dövlət proqramları varmı? Əgər yoxdursa, nə üçün yoxdur?
Bu sualların cavabı çox vaxt ictimaiyyətə aydın olmur.

Dövlət qurumları son illərdə müəyyən addımlar atdıqlarını bildirirlər. İcbari Tibbi Sığorta Agentliyi xidmətlərin əhatə dairəsinin genişləndirildiyini açıqlayır. TƏBİB yeni tibbi xidmətlərin tətbiq olunduğunu vurğulayır. Lakin sosial şəbəkələrdə yardım kampaniyalarının sayının azalmaq əvəzinə artması göstərir ki, hələ də həll olunmamış problemlər qalır.

Əlbəttə, bu vəziyyət yalnız Azərbaycana xas deyil.
Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-də belə səhiyyə sistemi ciddi tənqid olunur. Müxtəlif araşdırmalara görə, on milyonlarla amerikalının tibbi borcu var. Bəzi hesablamalarda bu rəqəm 100 milyona yaxın göstərilir. Minlərlə insan əməliyyat və müalicə xərclərini ödəmək üçün “GoFundMe” kimi platformalarda yardım kampaniyaları təşkil edir. Hətta ötən il Şimali Karolina ştatında 2,5 milyon insanın 6,5 milyard dollardan artıq tibbi borcu dövlət proqramı çərçivəsində silinmişdi.

Amma inkişaf etmiş Avropa ölkələrində yanaşma fərqlidir.
Almaniyada bahalı müalicələrin böyük hissəsi icbari tibbi sığorta fondları tərəfindən qarşılanır. İsveç, Norveç və Danimarka kimi ölkələrdə nadir xəstəliklər üçün xüsusi dövlət proqramları fəaliyyət göstərir. Böyük Britaniyada isə bahalı dərmanların maliyyələşdirilməsi üçün ayrıca mexanizmlər mövcuddur.

Bu ölkələrdə də problemlər var. Ancaq ağır xəstəlik diaqnozu qoyulmuş şəxsin ailənin ilk reaksiyası yardım kampaniyası açmaq olmur. İnsan əvvəlcə dövlət sisteminə müraciət edir və bilir ki, onun arxasında işləyən bir mexanizm mövcuddur.

Azərbaycanda isə çox vaxt əks mənzərə müşahidə olunur. Xəstəlik xəbəri alan ailə eyni vaxtda həm həkim axtarır, həm pul. Bu isə səhiyyə sisteminin üzərinə düşən yükün bir hissəsinin cəmiyyətin üzərinə ötürüldüyünü göstərir.

Ən ağrılı məqam isə budur ki, artıq bu vəziyyət normallaşıb. Hər gün yeni yardım videoları görürük və təəccüblənmirik. Halbuki valideynin övladını yaşatmaq üçün sosial şəbəkələrdə yalvarması heç vaxt normal olmamalıdır.

Xalqın həmrəyliyi, insanların bir-birinə yardım etməsi təqdirəlayiqdir. Lakin səhiyyə sistemi mərhəmət üzərində qurula bilməz. Çünki mərhəmət təsadüfi ola bilər, dövlət təminatı isə sistemli olmalıdır.

Əgər bir ölkədə ağır xəstəlik diaqnozu alan ailənin ilk ümidi xəstəxana yox, “TikTok”, “Instagram” və digər platformalardakı ianə kampaniyasıdırsa, deməli, problem sistemdədir. Bu problemi həll etmək dövlətin borcudur, çünki ölkə vətəndaşlarının sağlamlığının qeydinə qalmaq onun təməl vəzifələrindən biridir.