Şimali Koreya lideri Kim Çen In ölkənin Yaponiya müstəmləkə hakimiyyətindən azad edilməsinin 80 illiyinə həsr olunmuş tədbirdə, Pxenyan, 14 avqust 2025 (fotonu “Reuters”-ə Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA təqdim edib)


 

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, qeyri-müəyyən və mürəkkəb beynəlxalq təhlükəsizlik şəraitində ölkənin təhlükəsizliyini təmin etməyin yeganə yolu nüvə dövləti statusunu qorumaqdır.

Bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Kim bildirib ki, hegemonluğa can atan qüvvələrin “quldurcasına tamahı” nəticəsində dünyada “ağlasığmaz və sarsıdıcı hadisələr” baş verir, müxtəlif bölgələrdə qarşıdurmalar getdikcə daha amansız xarakter alır. O, ABŞ-ni Avropa və Yaxın Şərqdə qan tökülməsini daha da dərinləşdirməkdə ittiham edib.

KCNA-nın məlumatına görə, Kim hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şənbə-bazar günlərində keçirilmiş iclasında belə deyib.

O, ABŞ və Cənubi Koreyanı Koreya yarımadasında təhlükəsizlik vəziyyətini gərginləşdirməkdə günahlandırıb. Kimin sözlərinə görə, Vaşinqton və Seul nüvə potensialını ardıcıl şəkildə artırırlar və əsas məqsədləri Şimali Koreyaya hücum etməkdir.

KCNA-nın sitat gətirdiyi bəyanatda deyilir:
“Bir çox istiqamətlər üzrə mürəkkəbləşən və proqnozlaşdırılması çətin olan beynəlxalq hərbi-siyasi şəraitdə fəal və inamlı şəkildə hərəkət etmək üçün nüvə gücünün davamlı şəkildə artırılması və möhkəmləndirilməsi, eləcə də nüvə silahına malik dövlət statusunun qətiyyətlə müdafiə olunması ən düzgün və yeganə yoldur”.

Kim Çen In həmçinin adi silahların istehsalının artırılması və su tutumu 10 min ton olan strateji raket kreyserinin tikintisinin sürətləndirilməsi barədə göstəriş verib.

Şimali Koreya 2006–2017-ci illərdə BMT və ABŞ tərəfindən qəbul edilmiş, ölkəyə nüvə silahı və onu daşıya bilən ballistik raketlər hazırlamağı qadağan edən çoxsaylı sanksiyalara məhəl qoymur. Bu, region ölkələrində ciddi narahatlıq doğurur.

Pxenyan özünü nüvə dövləti elan edib və ABŞ, Çin və Cənubi Koreyanın illərlə davam edən diplomatik səylərinə baxmayaraq bəyan edir ki, heç bir amil onu nüvə silahından imtina etməyə vadar edə bilməz.

Partiya iclasında kömür sənayesinin modernləşdirilməsinin və şaxtaçı qəsəbələrinin yenidən canlandırılmasının vacibliyi də vurğulanıb. Kim Çen In bunu strateji prioritet adlandırıb.
Şimali Koreyada kömür hələ də əsas enerji resursu olaraq qalır.

“Politfm”