Foto: “Vogue”

 

 

 

Məşhur futbolçu Kristiano Ronaldo uzun müddətdir birlikdə olduğu sevgilisi Corcina Rodrigeslə evlənib.

Bu barədə “Pade Six Style” nəşri məlumat yayıb.

Nikah mərasimi onların Portuqaliyadakı evinin qonaq otağında keçirilib.

Kristiano Corcinayla 10 il bundan əvvəl – o, Madriddəki “Gucci” mağazasında işlədiyi dövrdə tanış olub. Mərasim üçün bu firmanın sadə geyimlərini seçən cütlük əlamətdar hadisəni beş övladları ilə birlikdə qeyd ediblər.

Amma gəlinin zinət əşyaları heç də sadə olmayıb. Nəşrin məlumatına görə, Rodriges “Chopard” firmasının ən qiymətli kolleksiyalarından seçilmiş, ümumi çəkisi 250 karatdan çox olan brilyantlar taxıb.

Gəlinlik obrazının əsas detalı “Chopard Garden of Kalahari” boyunbağısı olub. Boyunbağının mərkəzində 50 karatlıq, rənginə və saflığına görə ən yüksək kateqoriyaya aid nadir brilyant yerləşdirilib. Boyunbağıdakı digər brilyantaların ümumi çəkisi 146 karatdır.

Daha əvvəl bu boyunbağını Beyons 2025-ci ildə, “Met Gala” tədbirində, ləçək formalı üç asqısı olmadan taxıb.

Rodriges onların ikisindən sırğa kimi istifadə edib. Asqılardan birində armud formalı və 25 karatlıq, digərində isə ürək formalı və 26 karatlıq brilyant olub. Boyunbağı ilə asqıların ümumi dəyəri təxminən 50 milyon dollardır.

Mərasim zamanı gəlinin barmağında nəhəng nişan üzüyü olub. Ekspertlərin “Page Six Style”-a bildirdiyinə görə, onun dəyəri 5 milyon dollar, üzərindəki brilyantın çəkisi isə 30 karatdan çox ola bilər.

“Vogue” üçün təşkil olunmuş fotosessiyada 32 yaşlı Rodriges zümrüd kəsimli iki brilyantla bəzədilmiş bilərzik də taxıb. Onlardan birinin çəkisi 21, digərinin çəkisi isə 14,7 karat olub. Brilyantların kənarına 13,1 karatlıq daşlar düzülüb.

Rodriges bu dəsti 20 karatlıq brilyantla bəzədilmiş üzük və əlavə 6,9 karatlıq daşlarla tamamlayıb.

Bu zinət əşyalarının hər birinin özünəməxsus tarixçəsi var. Boyunbağı, sırğalar və bilərzik “Kalahari bağı” kolleksiyasına daxildir. Bu kolleksiya ən saf brilyantlardan biri sayılan 342 karatlıq “Kalahari kraliçası” adlı brilyantdan hazırlanıb. Bu nəhəng daş bir il ərzində və xüsusi diqqətlə 23 ayrı brilyanta bölünüb.

Rodriges həmçinin “Haute Joaillerie” kolleksiyasından 5,7 karatlıq armud və markiz kəsimli brilyantlarla bəzədilmiş başqa bir üzük də taxıb.

Toy üzüklərinə gəlincə, cütlük mərasim üçün sadə qızıl üzüklərə üstünlük verib.
Rodriges toy mərasiminin sadə olması barədə “Vogue”-a bunları deyib deyib:

“Biz mərasim üçün buranı – evimizin qonaq otağını seçdik. Burda səhər yeməyi yeyirik, nahar edirik, şam yeməyi edirik, gündəlik həyatımızı yaşayırıq. İstəyirəm ki, uşaqlarımız 30 ildən sonra bu masaya baxıb desinlər: ‘Bu masada gözəl bir hadisə baş verib — valideynlərimizin toy andları burada səslənib’”.

“Evdə – həyat yoldaşım və uşaqlarımızla birlikdə daha səmimi bir mərasim istəyirdim. Qəsrlərimiz, evlərimiz, adalarımız, atlarımız, faytonlarımız var və bütün bunlar bizim gündəlik həyatımızın bir hissəsidir. Amma səmimi və özəl bir mərasim bizim üçün daha qeyri-adi olardı” deyə, o əlavə edib.
Rodriges qeyd edib ki, daha sonra böyük toy mərasimi də keçirəcəklər.

“Politfm”