Foto: internet
İlin sonuna kimi Azərbaycanda Mərkəzləşdirilmiş Aqrar Kredit Sistemi (MAKS sistemi) yaradılacaq. İcraçı qurumlar Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasıdır (“iqtisadiyyat.az”).
Bu təşəbbüsü aqrar maliyyələşmə modelində struktur yenilənməsi kimi qiymətləndirmək olar. MAKS-ın yaradılması zərurətdən doğan qərardır, statistik göstəricilər və mövcud problemlər fonunda həm də müəyyən risklər daşıyır.
Mövcud vəziyyət: aqrar kreditlərin payı və strukturu
Azərbaycanda bank sektorunda kənd təsərrüfatının kredit portfelində payı sistematik olaraq aşağı səviyyədədir.
Ümumi kredit portfelində aqrar sektorun payı təxminən 3–5% intervalında dəyişir. Halbuki kənd təsərrüfatının ÜDM-də payı təxminən 5–7%, məşğulluqda isə 30%+ səviyyəsindədir. Bu, sektorun kreditləşmə baxımından ciddi dərəcədə xidmətdən kənarda qaldığını olduğunu göstərir.
Eyni zamanda, kreditlərin böyük hissəsi dövlət xəttiylə, əsasən Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə verilir. Kommersiya banklarının iştirakı məhduddur və daha çox iri təsərrüfatlara yönəlir. Doğrudur, mikromaliyyə seqmenti aktivdir, amma faizlər nisbətən yüksəkdir.
Sstruktur problemləri
Aqrar sektorda əsas problemlər struktur xarakterlidir:
– kiçik və orta fermerlərin əksəriyyətində likvid girov yoxdur;
– torpaq bazarı tam formalaşmadığı üçün torpaq girovu effektiv işləmir.
Bunun nəticəsi olaraq onlara kreditlər ya verilmir, ya da yüksək risk marjasıyla verilir.
Risklərin yüksəkliyi və sığorta çatışmazlığı
Aqrar fəaliyyət iqlim, məhsuldarlıq və bazar qiymətlərindən asılıdır. Aqrar sığorta sisteminin əhatə dairəsi isə məhduddur. Bu səbəbdən banklar bu sektoru yüksək riskli hesab edirlər.
İnformasiya asimmetriyası
Daha bir problem maliyyə hesabatlılığının zəif olmasıdır. Kredit tarixçəsi və rəqəmsal məlumat bazası fragmentardır. Bu, kredit riskinin düzgün qiymətləndirilməsini çətinləşdirir.
Kreditləşdirmədə struktur problemi
Azərbaycanda mövsümi ehtiyaclara uyğun məhsul istehsalı kifayət qədər inkişaf etməyib. Bu həm də kredit strukturundakı problemlərdən qaynaqlanır.
Uzunmüddətli investisiya kreditləri (texnika, suvarma və s.) məhduddur. Üstəlik, dövriyyə kapitalı çatışmazlığı da geniş yayılıb.
MAKS nəyi dəyişə bilər?
Mərkəzləşdirilmiş Aqrar Kredit Sistemi bu problemlərin bir qismini texnoloji və institusional səviyyədə həll etməyə yönəlib.
Potensial müsbət təsirlər aşağıdakılar ola bilər.
Məlumatlar mərkəzləşdirilər – fermerlərin kredit tarixçəsi, subsidiya məlumatları, torpaq istifadəsi və s. vahid platformada toplanacaq. Risk qiymətləndirməsi daha obyektiv olacaq.
Kreditlərin verilməsi sürətlənər – banklar və digər maliyyə institutları üçün qərarvermə kmüddəti qısalar, əməliyyat xərcləri azalar.
Şəffaflıq və nəzarət artar – dövlət dəstəyi ilə verilən kreditlərin istifadəsinə daha ciddi nəzarət edilər və bu “formal kredit” hallarının azalmasına gətirib çıxara bilər.
Bankların bazara girişinin stimullaşdırılar – risklərin daha yaxşı ölçülməsi kommersiya banklarını sektora cəlb edər.
Məhdudiyyətlər və risklər
MAKS-ın yaradılması struktur problemlərini tam aradan qaldırmır.
Bu sistemdə girov problemi həll olunmur, çünki rəqəmsallaşma girovun yoxluğunu kompensasiya etmir.
Risklər fundamental olaraq dəyişmir – iqlim və bazar riskləri qalır.
Sığorta və zəmanət mexanizmləri genişlənmədiyinə görə, bankların davranışında ciddi dəyişikliklər olmaya bilər.
Rəsmi qeydiyyatı olmayan kiçik fermerlər üçün inklüzivlik riski qalır – sistem daha çox formal təsərrüfatlara (hüquqi şəxs kimi qeydiyyatdan keçmiş kənd təsərrüfatı müəssisələri (MMC-lər, kooperativlər, vergi uçotunda olan fermer təsərrüfatları; subsidiyalar, dövlət proqramları və kreditlər üçün rəsmi sənədləşməsi tam olan istehsalçılar; torpaq, əmək və istehsal fəaliyyəti sistemli şəkildə sənədləşdirilmiş təsərrüfatlar) üstünlük verə bilər.
Sonrakı addımlar nə olmalıdır?
MAKS-ın effektli olması üçün kritik addımlar atılmalıdır:
– aqrar sığortanın əhatə dairəsi genişləndirilməlidir;
– dövlət zəmanətli kredit mexanizmləri tətbiq edilməlidir;
– torpaq və girov bazarı inkişaf etdirilməlidir;
– fermerlərin maliyyə savadlılığı artırılmalıdır;
– data əsaslı kredit skorlama modelləri tətbiq edilməlidir.
Beləliklə, MAKS-ın yaradılması zəruri, amma yetərli olmayan islahatdır. Bu sistem kreditləşmə prosesində texniki və institusional maneələri azalda bilər, lakin paralel siyasət alətlər olmadan aqrar sektorun əsas problemləri (yüksək risk, zəif təminat və struktural qeyri-müəyyənlik) həll edilməmiş qalacaq.
Düzgün inteqrasiya olunarsa, MASK orta müddətdə aqrar kreditlərin payını artırmağa, bank sektorunun iştirakını genişləndirməyə və maliyyə inklüzivliyini yaxşılaşdırmağa real töhfə verə bilər.
“Politfm”



