Foto: “jam-news”


Bu gün Ermənistan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi Azərbaycana gəlib. Onlar azərbaycanlı həmkarlarıyla birlikdə 10–12 aprel tarixlərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dəyirmi masada iştirak edəcəklər (“jam-news”).

 

Bu, onların artıq dördüncü görüşüdür. Ermənistanın nümayəndələri Azərbaycana bununla  ikinci dəfədir ki, səfər edirlər.

Birinci dəfədən (noyabr 2025) fərqli olaraq bu dəfə onlar quru yolla gələrək Azərbaycan-Ermənistan sərhədinin demarkasiya olunmuş Tavuş–Qazax hissəsində sərhəd və pasport nəzarəti prosedurlarından keçiblər. Azərbaycanlı ekspertlər bu ilin fevralında eyni yolla Ermənistana səfər etmişdilər.

Görüşün gündəliyi

Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri 2025-ci il 8 avqustda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyi çərçivəsində görüşürlər.

10-12 aprel tarixlərində keçiriləcək tədbirin gündəliyinə aşağıdakı mövzular daxildir:

• sülh prosesinin hazırkı vəziyyəti,
• “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdiyi fəaliyyətlər və onların nəticələri,
• regiondakı mövcud vəziyyət.

Kontekst

İlk belə görüş 21–22 oktyabr 2025-ci ildə İrəvanda keçirilib. Bir ay sonra – 21–22 noyabrda erməni ekspertlər Bakıya səfər ediblər.

İkinci görüşdən sonra tərəflərin işçi əlaqələri və qarşılıqlı səfərləri davam etdirmək barədə razılığa gəldiyi elan edilib və təşəbbüs “Sülh Körpüsü” adlandırılıb.

Əvvəlcə görüşlərdə hər ölkədən 5 ekspert iştirak edib, 2026-cı ildə iştirakçıların sayı artırılıb. 2026-cı il 13–14 fevral tarixlərində Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor şəhərində keçirilən üçüncü görüşdə Ermənistan tərəfindən 20, Azərbaycan tərəfindən 19 nəfər iştirak edib.

Görüşün gündəliyinə sülh sazişinin imzalanmasından tutmuş kommunikasiya xətlərinin açılmasına qədər geniş spektrli məsələlər daxildir.

Təşəbbüs çərçivəsində ekspertlər yüksək səviyyəli rəsmi şəxslərlə də görüşlər keçirirlər. 2025-ci ilin payızında Azərbaycanda tədbir iştirakçılarıyla Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev, Ermənistanda isə xarici işlər nazirinin müavini Vaahn Kostanyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşüblər.

“Politfm”