Foto: Shadi JH Alassar/”Anadolu”

 

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazıyla bağlı mövqeyini sərt tənqid edib.


“İran Hörmüz boğazından neftin maneəsiz keçidi məsələsində çox pis, hətta bəzilərinə görə, ləyaqətsiz davranır. Razılaşmamız belə deyildi!” – Tramp bu gün, aprelin 9-da özünün “Truth Social” hesabında belə yazıb.

“Associated Press” agentliyi gəmiizləmə sistemlərinin məlumatlarına istinadən qeyd edir ki, Hörmüz boğazından avtomatik identifikasiya sistemləri aktiv olan cəmi dörd yük (balqer) gəmisi keçib.

Dənizçilik və gəmiçilik sənayesi üçün proqram təminatı və məlumat həlləri təqdim edən  “AXSMarine” şirkətinin informasiya bazasına görə, atəşkəsdən sonrakı ilk 24 saat ərzində boğazdan keçdiyi təsdiqlənən gəmilərin sayı 11 olub.

“Reuters” agentliyi isə yazır ki, Hörmüz boğazında gəmiçilik demək olar ki, iflic vəziyyətindədir, İran gəmilərə onun ərazi sularından kənara çıxmamaq barədə xəbərdarlıq edir. Trafikin intensivliyi müharibədən əvvəlki səviyyənin təxminən 10%-i qədərdir.

Bu gün ABŞ və İran təmsilçiləri razılaşmanın detallarını müzakirə etmək üçün Pakistanda görüşəcəklər. İranın nümayəndə heyətinin artıq İslamabadda olduğu bildirilir. Amma Trampın sərt ritorikası tərəflər arasında etimad səviyyəsinin hələ də aşağı olduğunu və danışıqların çətin keçəcəyini göstərir.

“Politfm”