Məhkəmə yekunlaşdı və Tofiq Yaqubluya 9 il həbs cəzası verildi. Tofiq bəy məhkəmədə bir kəlmə “mən günahsızam”, “məni şərləyiblər” desəydi də, kifayət edərdi. Yəni onun həqiqəti dediyinə heç kim şübhə etməzdi. Amma Tofiq bəyin son sözü 130 səhifəyə sığdı.
Biz İngiltərənin, Fransanın, Almaniyanın və digər ölkələrin tarixin müxtəlif dövrlərindəki vəziyyətini təsəvvür etmək üçün həmin dövrlərlə bağlı yazılmış kitabları oxuyuruq, çəkilmiş filmlərə baxırıq. “Səfillər”i “Parfümer”i, “Qızılgülün adı”nı, “Çərpələng uçuran”ı və onlarla digər əsərləri oxuyuruq, həmin dövrün Fransası, Əfqanıstandakı ab-hava, və.s gözlərimiz önündə canlanır.
İndi Tofiq bəyin bu 130 səhifəlik son sözü də bundan sonrakı bütün dövrlər üçün sənədli əsər, real hadisələrin bəzək vurulmamış təsviri, bugünün Azərbaycanının çılpaq vəziyyəti olacaq.
Bu son sözü oxuyan hər bir insan təkcə inanmayacaq, həm də əmin olacaq ki, Tofiq Yaqublu vəhşicəsinə şərlənib. Bu son sözlə Tofiq bəy şərin portretini elə çəkib ki, bütün “orqanlar”ın yeri dəqiq görünür. Bu məhkəmə prosesində bütün ittihamlar elə darmadağın edildi ki, ortada inzibati həbslik də heç nə qalmadı. Tofiq bəyin son sözü təkcə şərlənmənin şəffaf nümayişi deyildi, həm də bəraətin daşdan keçən sənədi idi. 14 aylıq hay-küydən sonra 1 epizod üzrə də Tofiq bəyə günah yapışdıra bilmədilər. Çünki Tofiq bəy dələduzluğa görə yox, rejimi sərt tənqid etdiyinə görə həbs edilib.
130 səhifəlik son söz haqqında daha geniş yazmaq olar. Amma bir cümləylə belə yazmaq olar: “Tofiq bəy bütün şər komandasına hökm oxudu və onlara ömürlük mənəvi cəza kəsdi”.
Yeri gəlmişkən, Tofiq bəy son sözünü Ukrayna xalqına, Zelenskiyə ithaf edib. Onun son sözünün ithaf ünvanı da ləyaqət daşıyıcısı, vicdan sahibi olduğunu təsdiqləyən faktdır, mövqedir və ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunun göstəricisidir.
İlham Huseyn



