ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Ukrayna münaqişəsinin dayandırılması və uzunmüddətli sülhə nail olunması məsələsini müzakirə ediblər. Ağ Evin bəyanatına görə, liderlər enerji və infrastruktur sahəsində atəşkəs və Qara dənizdə dəniz təhlükəsizliyi üzrə danışıqların başlanması barədə razılığa gəliblər.

Kreml isə Trampın sülh təşəbbüsünü alqışlayıb və Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alındığı kompleks həll yolu tapmağa hazır olduğunu bildirib. Rusiya tərəfi atəşkəsin effektiv nəzarət mexanizmləri ilə təmin olunmasının və Ukraynaya xarici hərbi yardımın dayandırılmasının vacibliyini vurğulayıb.

Liderlər, həmçinin, 19 martda 175-ə 175 formatında əsir mübadiləsi aparılacağını və Yaxın Şərqdə sabitliyin təmin olunması üçün əməkdaşlıq edəcəklərini bildiriblər. ABŞ və Rusiya münasibətlərin normallaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.