Azərbaycanda bir ayda 26 min nəfər rəsmən işsiz qalıb.

Dövlət Statistika Komitəsinin (DSK) mart ayına aid hesabatının təhlili bunu göstərir. Qurum bu gün, martın 13-də açıqlayıb ki, 2026-cı il fevralın 1-nə olan məlumata görə, ölkədə muzdla çalışanların sayı 1 milyon 782 min nəfər olub:

“Onlardan 861.4 min nəfəri dövlət sektorunda (-0.5 faiz), 920.6 min nəfəri isə qeyri-dövlət sektorunda (-2.3 faiz) fəaliyyət göstərib”.

DSK-nın məlumatını şərh edən ekspertlər hesab edirlər ki, bir ayda 26 min rəsmi iş yerinin itirilməsi kifayət qədər ciddi siqnaldır. Xüsusən də özəl sektordakı 2.3%-lik azalma prosesin daha çox biznes mühitiylə bağlı olduğunu göstərir.

Azalmanı “stimullaşıran” ən mühüm amil özəl sektorda (neft-qaz sahəsi istisna olmaqla) tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddətinin başa çatmasıdır.


Vergi yükü artdıqda işəgötürənlər ya real ixtisarlara başlayırlar, ya da işçiləri “rəsmi ştat”dan çıxarıb yenidən qeyri-rəsmi məşğulluğa (və ya xidməti müqaviləyə) yönəldirlər. Bu, faktiki işsizlik yox, statistikanın “qaralmasıdır”.

Dövlət sektorundakı 0.5%-lik azalma (təxminən 4.3 min nəfər) birbaşa büdcə intizamıyla bağlıdır.
Neft hasilatının azalması və ya qiymət dalğalanmaları dövlət büdcəsinin gəlirlərinə təsir edir. Bu da dövlət qurumlarında, publik hüquqi şəxslərdə ştatların “sıxılmasına” və təkrarlanan strukturların ləğvinə səbəb olur.

Son dövrlərdə Azərbaycanda bir neçə dövlət agentliyinin birləşdirilməsi və ya ləğvi prosesi gedir. Bu, həm dövlət sektorunda, həm də onlara xidmət edən özəl podratçı şirkətlərdə zəncirvari ixtisarlara yol açır.

Bu tendensiyanın davamlı olub-olmadığını mart ayının hesabatı göstərəcək.

Azalma davam edərsə, bunu iqtisadiyyatın resessiyaya meyillənməsi kimi qiymətləndirmək lazım gələcək.

“Politfm”