Foto: Zelenskiy/Official


Ukrayna Prezidenti Volodimir Zelenski bu gün – aprelin 10-da bir qrup jurnalistə müsahibə verib.

“Hesab edirəm ki, Rusiya deeskalasiya yolunu seçsə, üçtərəfli görüş baş tuta bilər. Onlar bu görüşü aprel, may və ya iyun aylarında keçirməyə çalışacaqlar. Bu onlar üçün həlledici aylardır. Mənim qənaətimə görə, sentyabra qədər vəziyyət bizim üçün çox çətin olacaq. Amerikalılar dialoq məsələsində heç kimə əlavə vaxt verməyəcəklər” – Zelenski belə deyib.

Bunu ABŞ Konqresinə noyabrda keçiriləcək seçkilərlə əlaqələndirən Ukrayna prezidenti qeyd edib ki, yay mövsümünün başlanmasyla Amerikanın diqqəti daha çox daxili proseslərə yönələcək:

“Daxili siyasətdə onların özünəməxsus bir son tarixi var – təxminən avqust ayı. Yəni yaz–yay dövrü siyasi və diplomatik baxımdan kifayət qədər gərgin olacaq. Ukraynaya təzyiqlər ola bilər. Eyni zamanda, bu təzyiq döyüş meydanında da hiss ediləcək. Amma biz Ukraynanın milli maraqlarını və təhlükəsizliyi təmin edə biləcək amilləri anlayırıq”.

Zelenski vurğulayıb ki bu dövrdə Rusiyaya da kifayət qədər təzyiq göstərilməsi vacibdir:
“Məsələn, tərəfdaşlarımız bu il tamamən misilsiz, tarixi, dönüş yaradan və müəyyən mənada qələbə xarakterli NATO sammiti keçirə bilərlər. Amma bu onların nə dərəcədə hazır olmasından və təhdidlərə nə qədər məsuliyyətlə yanaşmalarından asılıdır. Bu təhdidlər tək bir tərəfə yox, hamıya qarşı yönəlib”.

“Politfm”