Foto: skrinşot
Ukrayna Prezidenti Volodimir Zelenski İrandakı müharibənin ABŞ-nin Ukraynaya dəstəyini arxa plana keçirəcəyindən narahat olduğunu bildirib.
AP-yə müsahibə verən Zelenski hazırda Ukraynanın prioritet olmadığını deyib:
“Buna görə də qorxuram ki, davam edən müharibə bizə az dəstək verilməsinə səbəb olacaq”.
Zelenski qeyd edib ki, o, daha çox Rusiyanın ballistik raketlərini zərərsizləşdirmək üçün vacib olan “Patriot” raketlərinin tədarükündə yarana biləcək fasilədən narahatdır. Ukrayna prezidenti bu sistemlərin Ukraynaya heç vaxt kifayət qədər tədarük edilmədiyini və İranla müharibənin davam edəcəyi təqdirdə əvvəl də böyük olmayan yardım paketinin daha da azalacağını bildirib.
Ukrayna 4 ildən çoxdur ki, Rusiyayla müharibə aparır. Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Avropadakı NATO üzvləri Ukraynanın silahla təminatının maliyyələşdirilməsini öz üzərilərinə götürüblər. Ukraynaya göndəriləcək ABŞ silahlarının pulunu Avropa ölkələri ödəyəcəklər. Lakin Avropa İttifaqının özündə də Ukraynaya maliyyə yardımıyla bağlı problemlər yaranıb.
“Politfm”



