Foto: “RIA Novosti” / Alexandr Kazakov



Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistandakı parlament seçkisi ərəfəsində onun siyasi proqramını müzakirə edə bilər.

“Biz hesab edirik ki, tərəfdaşlarımızla bağlı situasiyanı aydınlaşdırmağa, onların planlarını müzakirə etməyə haqqımız var” – Peskov Rusiyanın “Vesti” telekanalına dünənki müsahibəsində belə deyib.

O qeyd edib ki, Moskvanın Ermənistandakı daxili proseslərə marağı iki ölkə arasındakı sıx tarixi əlaqələrlə, o cümlədən Yerevanın ikitərəfli münasibətlər kontekstində seçdiyi siyasi kursun əhəmiyyətilə bağlı olduğunu vurğulayıb.

Peskov həmçinin bildirib ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması qərarı Moskvanın iştirakı olmadan verilib.

Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri və Qarabağ mövzusu Paşinyanla Putin arasında ötən həftə keçirilmiş görüşdə polemika mövzusu olub. Putin xatırladıb ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Paşinyan Praqa konfransında deyib.

Paşinyansa öz növbəsində Putinə deyib ki, bu, daha əvvəl Rusiya lideri iki dəfə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyəndən sonra baş verib. Paşinyan Qarabağ səhifəsinin Ermənistan üçün qapandığını deyib.

“Politfm”