Foto: ABŞ Prezidenti Donald Trampın rəsmi portreti (Tramp və Vensin keçid komandasının paylaşımı)

 


ABŞ prezidenti Donald Trump bazar günü – aprelin 5-də sosial şəbəkədəki qeyri-etik ifadələrlə dolu paylaşımında İrana xəbərdarlıq edib ki, əgər strateji əhəmiyyətli Hörmüz boğazı açılmasa, çərşənbə axşamı İranın elektrik stansiyalarına və körpülərinə zərbələr endiriləcək.


“Çərşənbə axşamı İran üçün həm elektrik stansiyaları günü, həm də körpülər günü olacaq — hamısı bir yerdə. Belə bir şey olmayacaq!!! Boğazı açın, fahişələr, başdanxarab alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız — sadəcə baxın!” – Tramp özünün “Truth Social” platformasında belə yazıb.

Həmin gün prezident növbəti paylaşımında daha dəqiq vaxt göstərib: “Çərşənbə axşamı, Şərq vaxtıyla saat 20:00!”

Ağ Ev Trampın bu bəyanatında İrana hücumun konkret vaxtını nəzərdə tutub-tutmadığıyla bağlı suala cavab verməyib (“Reuters”).

Tramp bunları İranda iki amerikalı pilotu 48 saatlıq gərgin xilasetmə əməliyyatından sonra yazıb. Günün əvvəlində Tramp yazmışdı ki, xilas edilən ikinci pilot “ağır yaralanıb” və “çox hörmətli polkovnikdir”.

“Bu xilas Pasxa möcüzəsi oldu. Daha əvvəl bu qədər sərt düşmən ərazisində belə bir xilasetmə əməliyyatı olmayıb” deyə, Tramp “NBC News” telekanalına göndərdiyi mesajda qeyd edib.

Bazar günü müxtəlif media qurumlarına verdiyi ən azı yeddi müsahibədə ABŞ prezidenti  İrana qarşı təhdidlərini davam etdirib. Tramp “Fox News” telekanalına bildirib ki, İran ABŞ ilə danışıqlar aparır və razılaşma bazar ertəsi mümkün ola bilər, əks halda o, ölkənin neftini “ələ keçirəcək”.

“ABC News”-a müsahibəsində isə Tramp deyib ki, münaqişə həftələrlə yox, bir neçə günə bitməlidir:

“Əks halda biz bütün ölkəni partladacağıq. Demək olar ki, bütün variantlar istisnadır”.

Keçən həftə Amerika prezident bəyan etmişdi ki, ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı aqressiv zərbələr endirəcək, ölkə bu müharibədə əsas strateji məqsədlərinin tamamlanmağa yaxındır.

Əməliyyatlar başlayandan (28 fevral) bəri Tramp dəfələrlə bildirib ki, İran razılaşma əldə etmək istəyir, amma ölkənin rəhbərləri onun tələblərini yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirmirlər.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dərhal Trampa cavab verib.

SEPAH xəbərdarlıq edib ki, İranın mülki obyektlərinə hücumlar təkrarlansa, regionda ABŞ-nin iqtisadi maraqlarına qarşı hücumlar gücləndiriləcək.

“Politfm”