Foto: “Reuters”
Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna, Böyük Britaniya, Norveç və Türkiyənin Avropa İttifaqına üzv olması bu bloku “dünyada ən güclü və ən yaxşı təhlükəsizlik sisteminə malik ittifaqa” çevirər.
Zelenski bu barədə dünən axşam efirə getmiş “Birləşmiş xəbərlər” telemarafonuna verdiyi müsahibədə danışıb.
“Biz Aİ-də olmaq istəyirik… Biz artıq Aİ-ni gücləndiririk, ilk növbədə təhlükəsizlik baxımından. Bu gün təhlükəsizlik hər kəs üçün prioritetdir. Mənim qənaətimə görə, daha güclü ittifaq belə ölkələrdən ibarət ola bilər: Norveç, Ukrayna, Britaniya, Türkiyə. Bu, Avropa İttifaqında çatışmayan dörd ölkədir” – Ukrayna prezidenti belə deyib.
Onun sözlərinə görə, Türkiyənin də, Ukraynanın da ordusu Rusiya ordusundan daha güclüdür – “Qara dənizə nəzarətdən tutmuş, hava məkanına nəzarətə qədər”.
“Bilirəm ki, Türkiyə ilə bağlı suallar var. Bilirəm ki, Böyük Britaniya Avropa İttifaqından çıxıb. Bilirəm ki, Norveçin Aİ ilə müxtəlif formada iqtisadi və sair əlaqələri var. Amma yenə də hesab edirəm ki, bu dörd ölkə Avropa İttifaqını dünyada ən güclü ittifaqa və ən yaxşı təhlükəsizlik sisteminə malik quruma çevirə bilər” deyə, Zelenski əlavə edib.
O vurğulayıb ki, Ukrayna Aİ üzvlüyünə alternativ axtarmır, lakin bu dörd ölkə “çox güclüdür və Aİ-ni daha da gücləndirə bilər”. Zelenski həmçinin qeyd edib ki, hətta bu ölkələr ayrıca götürüldükdə də olduqca güclü bir ittifaq təşkil edə bilərlər.
Aprelin 14-də Berlində Almaniya kansleri Fridrix Merzlə birgə keçirilmiş mətbuat konfransında Zelenski bildirmişdi ki, Ukrayna Avropa İttifaqına və NATO-ya hər hansı “layt-format” üzrə yox, tamhüquqlu üzvlüyə üstünlük verir.
Ukrayna prezidenti hesab edir ki, buna həm Avropa İttifaqı, həm də NATO ölkələri maraq göstərməlidirlər.
“Politfm”



