Foto: DANIEL HEUER/POOL/EPA/”Shutterstock”
İki həftəlik atəşkəsin başa çatmasına bir neçə saat qalmış ABŞ Prezidenti Donald Tramp Pakistanın müraciəti əsasında İranla atəşkəsin qeyri-müəyyən müddətə uzadıldığını elan edib. O bildirib ki, İran rəhbərliyi vahid təklif hazırlayana qədər atəşkəs qüvvədə qalacaq, lakin İran limanlarının blokadası davam edəcək (“Reuters”).
Daha əvvəl İran bu gün üçün İslamabad şəhərində keçirilməli olan danışıqlarda iştirakdan imtina etdiyini açıqlamışdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai bildirib ki, imtina “Vaşinqton administrasiyasının ziddiyyətli mövqeyi və qəbuledilməz addımları” ilə bağlıdır.
Ağ Ev ABŞ vitse-prezidenti C.D.Vensin rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistana səfərinin ləğv olunduğunu təsdiqləyib.
Donald Tramp həmçinin qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqda maraqlı deyil, çünki gəmilərin keçidindən gündəlik 500 milyon dollar gəlir əldə edir:
“Biz Hörmüzdə İran gəmilərinə tətbiq olunan blokadanı dayandırsaq, İranla razılaşma ümumiyyətlə baş tutmaya bilər”.
“ABŞ və İran arasında razılaşma əldə olunarsa, MAQATE mütləq bu prosesdə iştirak etməli və yoxlamalar aparmalıdır. Əks halda bu, real razılaşma yox, yalnız onun illüziyası olacaq. Müfəttişlər əldə olunmuş razılaşmaların icrasını yoxlamaq üçün orda olmalıdırlar” – MAQATE-nin rəhbəri Rafael Qrossi belə deyib.
O əlavə edib ki, Vaşinqton İranla qarşıdurma şəraitində etibarlı müttəfiq kimi çıxış edən Fars körfəzi ölkələrinə maliyyə yardımı göstərə bilər.
İranda bəzi şərhçilər bu bəyanatı hiylə və yeni zərbəyə hazırlıq üçün vaxt qazanmaq cəhdi kimi qiymətləndiriblər.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin Hörmüz boğazında İran limanlarına tətbiq etdiyi blokada müharibə aktıdır və atəşkəsin pozulması deməkdir.
Avropa İttifaqı ölkələri İrana qarşı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər. Kaya Kallas deyib ki, sanksiya siyahısına Hörmüz boğazının blokadasına məsul şəxslər də daxil ediləcək. O, Lüksemburq şəhərində keçirilən Aİ xarici işlər nazirlərinin iclasında qurumun Yaxın Şərqdə dəniz missiyasını gücləndirməyə çağırıb.
“Politfm”



