Ukrayna və ABŞ nümayəndə heyətləri Rusiyayla dörd ildir davam edən müharibəni dayandırmaq yollarını müzakirə ediblər.
Bu barədə dünən Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.


Şənbə günü Floridada başlayan danışıqlarda Rusiya tərəfi iştirak etməyib. İlkin plana əsasən Rusiya nümayəndələri Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan danışıqlara qatılmalıydılar. ABŞ nümayəndə heyətinə xüsusi nümayəndə Stiv Uitkoff və Amerika Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner rəhbərlik edir.

Zelenski: “Diqqət İrana yönəlib, amma Ukraynadakı müharibə də bitməlidir”

Zelenski Ukrayna xalqına axşam müraciətində ABŞ-nin prioritetlərinin dəyişdiyinə diqqət çəkib:

“Hazırda Amerika tərəfinin diqqətinin ilk növbədə İran ətrafındakı vəziyyətə və bütövlükdə həmin regiona yönəldiyi tamamilə aydındır. Amma Rusiyayla Ukrayna arasındakı müharibə də yekunlaşmalıdır”.

Prezident diplomatiyanın müsbət siqnallar verdiyini də qeyd edib:

“Növbəti əsir mübadilələrinin keçirilə biləcəyinə dair əlamətlər var. Bu, şübhəsiz ki, çox yaxşı xəbər olardı, diplomatiyanın işlədiyini təsdiqləyərdi. Ümid edirik ki, bu səylər öz bəhrəsini verəcək”.

Zelenski danışıqların növbəti mərhələsinin vaxtı, yeri və formatı barədə detalları açıqlamayıb.

“Kölgə donanması” və sanksiya təzyiqi

Zelenski müttəfiqləri Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirməyə çağırıb. O, sanksiyalardan yayınmaq üçün istifadə edilən “kölgə donanması”na qarşı daha kəsrin tədbirlərin görülməsini tələb edib:

“Rusiyanın kölgə donanması Avropa sularında və ya hər hansı başqa yerdə özünü təhlükəsiz hiss etməməlidir. Müharibə büdcəsini maliyyələşdirən tankerlər sadəcə sərbəst buraxılmamalı, dayandırılmalı və bloklanmalıdır”.

Vaşinqton İrandakı müharibənin yaratdığı tədarük qıtlığını kompensasiya etmək üçün Rusiya neftinə tətbiq olunan bəzi sanksiyaları müvəqqəti olaraq ləğv edib. Avropa ölkələri hələlik bu addımı atmayıblar.

Zalujnının mövqeyi

ABŞ-nin təklif etdiyi sülh planı Ukraynada prezident seçkilərinin keçirilməsini və müəyyən ərazi güzəştlərini nəzərdə tutur. Tramp səlahiyyət müddəti başa çatmış Zelenskidən yeni seçki keçirməyi tələb edir.

Ukrayna qanunvericiliyi müharibə dövründə seçkilərin keçirilməsini qadağan edir. Amma Zelenski bildirib ki, ABŞ infrastrukturun hazırlanması və təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün ikiaylıq atəşkəsə nail olsa, Ukrayna demokratik seçkilər keçirməyə hazırdır. Hazırda ölkə həm də yüksək nəqliyyat xərcləri və Asiyadan xammal idxalı səbəbindən ciddi iqtisadi çətinliklərlə üz-üzədir.

Ukraynanın keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı isə fərqli mövqedədir. O, bazar günü Ukraynanın “NV” nəşrində dərc olunan məqaləsində qeyd edib ki, seçkiyə görə hərbi əməliyyatlara fasiləyə ehtiyac yoxdur:

“Ukraynaya seçkilərə hazırlaşmaq üçün vaxt deyil, övladlarımızın gələcəyini təmin edəcək, müharibə yolu ilə qazanılmış sülh lazımdır”.

“Politfm”