“Ermənistandakı bəzi müxalif qüvvələrin ideologiyası qonşulara qarşı ərazi iddialarından ibarətdir. Aydın məsələdir ki, iyun ayında keçiriləcək parlament seçkiləri nəticəsində hakimiyyətə belə təfəkkürə malik insanlar gəlsə, dərhal qonşularla problemləri yaranacaq”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bugünkü brifinqdə belə deyib.
Akopyan Baş nazir Nikol Paşinyanın bugünlərdə səsləndirdiyi analoji bəyanata – “İyun ayında Ermənistandakı seçkilərdə müxalifət qalib gəlsə, 2026-cı ilin sentyabrında Azərbaycanla yeni müharibə başlayacaq” fikrinə də münasibət bildirib:
“Hesab edirəm ki, baş nazir sentyabr ayını şərti vaxt kimi qeyd edib, parlament seçkilərindən sonrakı qısa müddəti nəzərdə tutub. Amma belə bir perspektivin olması birmənalıdır. Biz ölkəyə sülhün lazım olduğunu deyirik. Əks halda Ermənistanın nəinki inkişafı, hətta müstəqil dövlət kimi mövcudluğu da böyük sual altına düşəcək. Bizim vətəndaşlarımıza təklifimiz sülhdür”.
Jurnalistlərdən biri 2020-ci ilin payızında Azərbaycanla müharibəyə ölkəni məhz indiki hakimiyyətin cəlb etdiyini deyib. Nazir həmin jurnalistə “Bu müharibə 30 ildən artıq davam edən yanlış siyasətin nəticəsi idi” deyə cavab verib.
Qarabağ ermənilərinin öz evlərinə qayıtmaq hüququyla bağlı sualı cavablandıran Mirzoyan deyib ki, onların özlərinin bunu necə təsəvvür etdiklərini eşitmək istərdi.
Nazir həmçinin Azərbaycanda məhkum edilmiş ermənilər məsələsinə də toxunub: “Bu məsələ diqqət mərkəzində qalmağa davam edir. Biz dörd nəfərin bu yaxınlarda azad olunmasını alqışlayırıq və əminik ki, saxlanılan bütün şəxslərin vaxtından əvvəl sərbəst buraxılması Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhü daha da möhkəmləndirəcək. Bu məsələdə hər hansı irəliləyiş olsa, məlumatınız olacaq”.
“Politfm”



