Foto: EPA/Shutterstock
İran XİN-in yüksək rütbəli rəsmisi dünən, martın 23-də “CBS News” nəşrinə açılamasında ABŞ və İran arasında diplomatik təmaslar başladığını etiraf edərək deyib ki, Tehran “vasitəçilər vasitəsilə ABŞ-dan təkliflər alıb və hazırda onları nəzərdən keçirir”.
Daha əvvəl İran rəsmiləri ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında danışıqlar başladığı barədə dediklərini təkzib etmişdilər.
Tramp martın 23-də özünün “Truth Social” sosial şəbəkəsində yazmışdı ki, ABŞ və İran ötən həftənin sonundan bəri hərbi əməliyyatların dayandırılmasına dair “çox yaxşı və məhsuldar danışıqlar” aparırlar və buna görə də o, İranın energetika sektoruna zərbələrin dayandırılması barədə göstəriş verib.
“Həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv danışıqların xarakterinə və tonuna əsaslanaraq mən Müdafiə Nazirliyinə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna hər hansı hərbi zərbələri beş gün müddətinə təxirə salmağı tapşırmışam” – Tramp belə yazmış, amma danışıqların məhz kiminlə aparıldığını açıqlamamışdı.
Daha sonra Memfisdə çıxış edən Tramp bildirmişdi ki, İran sülh üçün daha bir şans əldə edir:
“Ümid edirik ki, onlar bundan faydalanacaqlar. Ancaq istənilən halda Amerika və dünya daha çox təhlükəsizlikdə olacaq”.
Bir gün əvvəl – martın 22-də Tramp bəyan etmişdi ki, İran Hörmüz boğazını blokadadan çıxarmasa, ölkənin elektrik stansiyalarına zərbələr endiriləcək.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) buna cavab olaraq bildirmişdi ki, həmin stansiyalar bərpa olunana qədər İran boğazı tam bağlı saxlanacaq.
Tramp İranla danışıqlarda ABŞ tərəfindən kimlərin iştirak etdiyini açıqlamamışdı, amma bir neçə Amerika nəşri öz mənbələrinə və bir halda da Trampın özüylə telefon danışığına istinadən bu şəxslər prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner olduğunu yazmışdılar.
İran parlamentinin spikeri və SEPAH-ın Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Məhəmməd Baqer Qalibaf “X” sosial şəbəkəsində Amerika prezidentinin dediklərini təkzib edərək bildirmişdi ki,Tramp neft qiymətlərinə təsir etmək üçün “saxta xəbərlər” yayır.
Bundan əvvəl İran XİN də eyni məzmunlu bəyanatla çıxış etmişdi.
“Politfm”



