Foto: interner
Bu gün – aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskiylə Qəbələdə təkbətək görüşü olub. Sonra hər iki ölkənin nümayəndə heyətinin qatıldığı geniş tərkibli görüş keçirilib.
Mətbuata birgə açıqlamalarında İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ukrayna bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirlər (AZƏRTAC).
O, görüş zamanı siyasi dialoq və xüsusilə də energetika sahəsində əməkdaşlıq kimi məsələlərinin müzakirə olunduğunu deyib:
“Burda əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var. Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burda birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var”.
Zelenski Ukraynaya yardıma görə Əliyevə təşəkkür edib:
“Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq burdadır, bu dəstəyə görə sizə minnətdarıq”.
Zelenski Rusiyayla-Ukrayna görüşünün Azərbaycanda keçirilməsini təklif edib.
Ukrayna prezidenti deyib ki, Rusiya buna razılıq versə, Ukrayna sülh danışıqlarının Azərbaycanda keçirilməsinə hazırdır.
“Politfm”



